Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 12:30
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri yekunlaşmaqdadır. Altsistemin yaxın aylarda işə salınması nəzərdə tutulur.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “Reabilitasiya” altsistemi nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) arasında e-formada məlumat mübadiləsinə və onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət edəcək. Reabilitasiya müəssisələrinə qəbul da həmin komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında həyata keçiriləcək. Bu da qəbul prosesinin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına şərait yaradacaq.
Eyni zamanda, bərpa müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı görülmüş reabilitasiya tədbirləri və onların nəticələri “Reabilitasiya” altsisteminə daxil ediləcək. Bu məlumatlar həmin şəxslərlə bağlı fərdi reabilitasiya proqramının tərtib olunması və icrası prosesində zəruri informasiya bazası kimi önəmli rol oynayacaq.