Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 16:58
Azərbaycanda ünvanlı dövlət sosial yardımın artıq ödənişini könüllü geri qaytarmayanlar məhkəməyə veriləcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə əlavə ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılacaq.
Aztəminatlı ailənin üzvü "Məşğulluq haqqında" qanuna uyğun olaraq, özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılacaq.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.