Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 15:32
Bakı. Trend:
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq “Eksport Faktorinq” məhsulu vasitəsilə maliyyələşmə sövdələşməsini həyata keçirmişdir. Factoring Chain International (FCI) beynəlxalq qurumunun platforması üzərindən icra edilən sövdələşmə ölkədə istehsal olunan fındığın ixracının maliyyələşdirilməsini təmin etmişdir. PAŞA Bank tərəfindən ölkə üzrə həyata keçirilmiş ilk Beynəlxalq Faktorinq əməliyyatı Respublikanın aqrar sənayesinin inkişafına öz töhfəsini vermişdir.
“Eksport Faktorinq” məhsulunun üstünlüyü mal və məhsulların xarici ölkələrə ixracının maliyyələşdirilməsi üçün vəsaitin ayrılmasına görə Müştəridən girovun tələb edilməməsi, bütün prosesin onlayn rejimdə vahid platforma üzərindən sürətli şəkildə həyata keçirilməsindən ibarətdir.
Qeyd olunmalıdır ki, PAŞA Bank 2015-ci ildən etibarən Factoring Chain International qurumunun üzvüdür və Beynəlxalq qurumun üzvü olaraq ixrac və idxal üzrə “Beynəlxalq Faktorinq” məhsullarını təqdim etməklə müxtəlif biznes sahələrinə dəstək göstərir. Belə ki, FCI qurumuna Dünya üzrə 90 ölkədən 400-ə yaxın bank və faktorinq şirkətləri üzv olduğunu nəzərə alaraq, PAŞA Bankın Müştəriləri “Beynəlxalq Faktorinq” məhsullarının köməyi ilə ölkə xaricində fəaliyyət göstərən partnyorları ilə girovsuz, daha rahat və səmərəli şəkildə bizneslərini idarə etmək və bütün əməliyyatlara onlayn şəkildə nəzarət etmək imkanını əldə edirlər.