Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 10:54
Bakı. Trend:
İyunun 2-də Bakı Dövlət Universitetində (BDU) Coğrafiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib.
BDU-dan Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan moderator, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova dünyanı təəccübləndirməkdə davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün ölkədə aparılan qətiyyətli tədbirlərlə bağlı məlumat verib. Qlobal pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olduğunu bildirən dekan Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.
Moderator Ş.Məmmədova statistik məlumatları təqdim edərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkür edib.
Daha sonra Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Mətanət Mehdiyeva “Ekoloji terror”, Fiziki Coğrafiya kafedrasının müdiri, professor Yaqub Qəribov “Müasir coğrafi tədqiqatlara gənclərin cəlb edilməsi”, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov “Post-pandemiya dövründə Azərbaycanın sosial, iqtisadi, regional inkişaf problemləri”, Coğrafiya fakültəsinin IV kurs tələbəsi Çoşğun Eldarov “Terrorizmin Coğrafiyası”, II kurs tələbəsi Fidan Əlizadə “Dünyada baş verən meşə yanğınları”, III kurs tələbəsi Ləman Məmmədova “Alternativ və bərpaolunan enerji növləri, onlardan istifadə”, Azərbaycan Turizm və Menecment Universitetinin magistrantı Akif Kosayev “Macəra turizminin inkişaf perspektivləri” mövzularında ətraflı çıxış ediblər.
Məruzələrdə ölkə regionlarının inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsi, regionların sosial-iqtisadi inkişafı, müasir iqtisadi-coğrafi tədqiqatların əsas istiqamətləri, ekoloji bəlaların qarşısının alınması, iqtisadiyyata zərər verə biləcək təsirlər, milli iqtisadiyyat və aqrar sənayenin inkişaf problemləri, təhlükəsizliyi ciddi təhdid edən terrorizm və onu doğuran səbəblər, sosial-siyasi terrorizm, meşə yanğınlarının əsas baş vermə səbəbləri, meşə yanğınlarının meşə təsərrüfatına vurduğu ziyanlar, bərpaolunan enerji növləri, külək enerjisi, günəş enerjisi, macəra turizm bazaları, macəra turizm anlayışı, onun mahiyyəti və xüsusiyyətlərindən geniş bəhs olunub.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika elmi konfransını 100-dən çox iştirakçı dinləyib.
Qarşılıqlı diskussiya şəraitində davam edən konfrans sualların cavablandırılması ilə yekunlaşıb.