Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2019 13:08
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5500 şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 125 şagird iştirak edib. Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.
Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib.
Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 16 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnaməyə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar təqdim olunub.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin