Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 10:04
Bakı. Fidan Babayeva - Trend:
Azərbaycan turizm sahəsinin təkrar işə düşməsinə hazırdır.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.
O bildirib ki, koronavirus pandemiyası dövründə bütün dünyada turizm sənayesi “sıfırlanıb”:
“Ölkəmiz də istisna deyil. İndi hər kəs bərabər səviyyədədir. Ona görə də uğurlu start götürə bilməyimiz yalnız özümüzdən asılıdır”.
K.Quluzadə vurğulayıb ki, Azərbaycanda turizmin bərpası digər ölkələrdə olduğu kimi mərhələli keçiriləcək. Hazırda Azərbaycanda bərpa prosesinin birinci mərhələsi reallaşdırılır. Bu mərhələdə agentlik turizm sahəsində sabitliyin qorunmasına çalışıb.
Azərbaycanın yeni mövsümün açılışına hazır olmasından danışan K.Quluzadə bildirib ki, ölkənin iri şəhər və regionları arasında inzibati sərhədlər açılandan sonra ikinci mərhələ başlayacaq:
“Bu mərhələ, daxili turizmin bərpası və inkişafı ilə əlaqədardır. İkinci mərhələ “Macəra yaxındadır” vahid platforması bazasında reallaşdırılır. Bu çərçivədə turizm agentlikləri və hotellər könüllü şəkildə birləşərək vətəndaşlar üçün öz büdcələrinə uyğun səhayət edə bilmələri üçün əlverişli mühit yaradacaqlar”.
Onun sözlərinə görə, üçüncü və dördüncü mərhələlər xarici turistlər üçün sərhədlərin açılması və bu sahənin tam bərpa olunmasıdır:
“Post-pandemiya dövründə Azərbaycan turizminin rəqabətqabiliyyətliliyinin, turizm sahəsində ölkənin imicinin yüksəldilməsi və sanitariya-gigiyena qaydalarına əməl etmənin təmin olunması üçün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən “SAHMAN” Sanitariya və Gigiyena Metodları və Normaları Proqramını hazırlanıb. “SAHMAN” proqramına qoşulan və şərtləri yerinə yetirən subyektlər yerli və xarici mütəxəssislər tərəfindən monitorinqdən keçirildikdən sonra “SAHMAN” loqotipini istifadə edə biləcək. Bu, turistlərdə əminlik yaradacaq ki, həmin obyektlərdə onların sağlamlığına heç bir təhlükə yoxdur”.