Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 12:30
Azərbaycan dövlətçililik tariximizdə xüsusi yeri olan, bugünkü müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi varisi olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı qərar torpaqlarımızın itirilməsi baxımından acı tarixdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Onun sözlərinə görə, həmin dövrlə bağlı məlumatlar Azərbaycan və xarici ölkələrin arxiv materiallarında, sənədlərdə, elmi ədəbiyyatda, dövrü mətbuatda və s.-də öz əksini bu və ya digər şəkildə tapıb.
Tarixçi qeyd edib ki, tarixi sənədlərə əsasən, Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında qərar verib. Həsənbəy Ağayevin sədrliyi ilə keçən iclasda F.X.Xoyski, M.Cəfərov, M.Hacınski, A.Mahmudbəyov, F.Köçərlinski, Məlik Yeqanov, R.Vəkilov, H.Şahtaxtinski, A.Axundov, M.K.Məmmədbəyov, X.Məlik-Aslanov, C.Hacınski, C.A.Ağamalov, Şərifov iştirak ediblər.
S.Talıblı qeyd edib ki, xarici və regional güclərin təzyiqi nəticəsində Azərbaycan Milli Şurası 29 mayda ermənilərə Azərbaycanın 9,2 min ərazisini güzəştə gediblər. Ermənilər isə bu "güzəşt"in müqabilində Azərbaycana qarşı artıq ərazi iddiaları irəli sürməyəcəklərini bildiriblər. Lakin buna baxmayaraq, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətini istər sovet, istərsə də müstəqillik dövründə davam etdirib. Mənbələrdə İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı amillər sırasında AXC-nin daxili və xarici vəziyyəti, region və xarici ölkələrin AXC-yə təzyiqi, maraqları və s. amillər qeyd edilir:
"Özlərini "məzlum bir xalq" kimi göstərərək dövlət yaratmaq istəyən ermənilər XVIII əsrdən üzü bəri çar Rusiyası və digər dövlətlərə arxalanaraq tarixi Azərbaycan torpaqlarının işğalına başlayıblar. Rusiya imperatoru I Pyotrun (1682-1725) Azərbaycanı, Türkiyəni, İranı işğal edib Fars körfəzinin isti sularına çıxmaq haqda arzusuna söykənən ermənilər 1722-ci ildə bu ərazilərdə "Böyük Ermənistan dövləti" yaratmaq xülyası ilə I Pyotrun qəbulunda olub, "Şərq yürüşündə" ermənilərin canla-başla rus ordusunun və kəşfiyyatının xidmətində olacağına sədaqətlə söz veriblər. Türkmənçay müqaviləsindən sonra xalqımıza məxsus İrəvan əyaləti və onun ətrafındakı torpaqlarda etnik təmizləmə aparılaraq erməniləri İrəvanda yerlədiriblər. Çar Rusiyası İrəvan və onun ətrafındakı əyalət və yaşayış məntəqələrinin statistikası və demoqrafik vəziyyəti haqda məlumatları tərtib edib mərkəzə çatdırmaq məqsədilə İvan Şopen adlı məmuru bir heyətlə İrəvana göndərir. İ.Şopenin başçılığı ilə tərtib edilmiş statistikada Türkmənçay müqaviləsindən sonrakı vəziyyəti belə şərh edib: "Ermənilərin arzusu ilə ruslar İrəvan mahalını və onun ətrafındakı dörd xanlığı, 41 bəyliyi və sultanlığı ləğv edib türkləri oradan köçməyə məcbur ediblər. Torpaq və əmlaklar gəlmə ermənilər arasında bölünüb". İrəvanda yaşayan əhalinin 143 000 nəfərdən 117 849 nəfəri azərbaycanlıdan, cəmi 25 151 nəfəri gəlmə ermənilərdən ibarət olub. 1828-1832-ci illərdə İrəvandakı azərbaycanlıların sayı 100 000 nəfər azaldığı halda, ermənilərin sayı gəlmələrin hesabına 82 377 nəfər artıb. O dövrdə rus məmurlarının yazılı məlumatlarına əsasən, XIX əsrin 30-cu illərində İrəvan sakinlərinin 80 %-dən çoxu türklərdən ibarət olub. Halbuki sonrakı illərdə erməni zorakılığı nəticəsində 6 böyük məscidi, 50 savadlı ali müsəlman ruhanisi olan və 1807 azərbaycanlı ailəsinin yaşadığı İrəvan şəhəri XIX əsrin sonunda erməni şəhərinə çevrilib".
Tarixçi qeyd edib ki, 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 565 min azərbaycanlı öldürülmüş və doğma torpağından didərgin düşmüşdü. Bu rəqəmi Z.Kirokodyan özünün "Sovet Ermənistanının əhalisi 1831-1931" kitabında təsdiq edərək "1920-ci ildə sovet hökumətində daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalıb. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur" yazır.
S.Talıblı əlavə edib ki, İrəvan quberniyasının 1920-ci ilədək Azərbaycanın tərkibində olan qəzalarında olan 99 min nəfərdən 62,6 mini azərbaycanlı (66 faiz), 36,4 min nəfəri erməni (34 faiz) olub.
İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında isə azərbaycanlılar əhalinin üçdə birini təşkil etmişdi. 1916-cı il yanvarın 1-nə olan məlumata görə, İrəvan qəzasında 74,2 min nəfər və ya 48 faiz, Zəngəzur qəzasında 119,5 min və ya 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı olub:
"Bu rəqəmlər əyani surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət təşkil etmişlər. Bütün qeyd olunan statistik və xarici sənədlərə baxdıqda məlum olur ki, istər əhalinin say tərkibi, istərsə tarixi ərazilər baxımından, istərsə də idarəetmə baxımından İrəvan türk-müsəlman torpağı olub və idarəetmə də azərbaycanlılara məxsus olub. Burada heç bir erməni dövlətindən və idareətməsindən söhbət gedə bilməz".