Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 20:45
"Bu gün sosial şəbəkələrdə həm xaricdə, həm də ölkə daxilində Azərbaycan əleyhinə mütəmadi olaraq danışanları müşahidə edirik. Bunlar illərdir ki, prosesləri təhlil etmədən, baş verənləri düzgün qiymətləndirmədən yalan, böhtan, qaralama xarakterli çıxışlar edirlər. Diqqətlə izləsək görərik ki, bu çıxışlar proseslərə adekvat olmaması ilə yanaşı, eyni zamanda normal da deyil".
Sonxeber.net bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bu gün parlamentin iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili "təbii ki, tənqid olmaldır, amma bəlli bir qrupun sosial şəbəkələrdə etdiyi çıxış, nəinki tənqid, yaxud böhtan deyil, ümumiyyətlə isterikadan doğan anromal yanaşma tərzidir". - deyə əlavə edib:
"Bu onların tez tez isterik duruma düşmələri, baş verən proseslərə adekvat olmayan "fikirlər" səsləndirmələri və davranışlarında açıq aydın hiss olunur. Mən hesab edirəm ki, həmin insanların davranışları normal deyil və bu psixoloji problemlərdən qaynaqlanır. Təbii ki, bundan qaynaqlanan qaragüruh hərəkətlər və neqativ enerji onların özünün səhhətində problemin daha da dərinləşməsi ilə yanaşı cəmiyyətə də mənfi təsir edir. Ona görə də, hesab edirəm ki, bu tipli insanların psixoloji durumunun düzəlməsi üçün ciddi müalicəyə ehtiyac var. Yaxşı olardı ki, onlar düşdükləri durumun fərqinə varsınlar, psixiatr müalicəsi alsınlar. Amma görünən odur ki, bunlar özünü nəuinki tam normal hesab edirlər, hətta özlərini hamıdan ağıllı sayırlar. Ona görə də hesab edirəm ki, onların məcburi qaydada müalicəsi üçün qanun qəbul olunmalıdır. İstənilən halda onlar da Azərbaycan vətəndaşıdır. Azərbaycanda siyasi mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq hər bir vətəndaşa diqqətlə yanaşılır. Pandemiya dövrüdür və bu müddət ərzində bütün vətəndaşlara diqqət və qayğı göstərilir, əhalinin sağlamlığı prioritet olaraq görülür. Psixoloji gərginliyi və psixi xəstəliyi ehtimal olan insanların məcburi qaydada müalicə olunması üçün qanun qəbul edilməsini təklif edirəm. Həmin insanlar məcburi qaydada müalicəyə cəlb olunarlarsa, hesab edirəm ki, onların bir çoxu normal həyata qayıdar və normal insanlarla eyni tərzdə düşünə bilər. Bu qanun həm xaricdə, həm də ölkə daxilində olan bu tipli insanlara şamil olunmalıdır.
Məsələn bu gün Əli Kərimliyə fikir versək, onun isterik vəziyyətini, danışanda qeyri-adi hərəkətlərə yol verməsi, danışanda birdən-birə, heç br səbəb olmadan səsini yüksəltməsi və digər normal olmayan hallar psixoloji durumu yerində olmayan və müalicə alması vacib olan insanlara xas xüsusiyyətlərdir. Təbii ki, onlar da Azərbaycan vətəndaşıdır və bir daha qeyd edirəm ki, bu cür insanların məcburin qaydada müalicə olunması üçün qanun qəbul olunsun".