Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya Azərbaycanın kənd təsərrüfatına ciddi təsir etməyib - RƏSMİ

Pandemiya Azərbaycanın kənd təsərrüfatına ciddi təsir etməyib - RƏSMİ

Tarix: 6 Iyun 2020 09:04

Bakı. Samir Əli - Trend:

Pandemiya dövrünün Azərbaycanın kənd təsərrüfatına hər hansısa mənfi ziyanı barədə danışmaq hələ tezdir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, ölkədə pandemiya ilə bağlı qabaqlayıcı tədbirlər başlananda kənd təsərrüfatı sahəsinin aktiv dövrü deyildi: "Hələ ki, pandemiyanın kənd təsərrüfatına ciddi təsiri yoxdur. Çünki Azərbaycanda koronavirusa qarşı dövlət tərəfindən qabaqlayıcı tədbirlər bu ilin mart ayında başlandı. Həmin vaxtlar yazlıq əkinlərə hazırlıq dövrü idi, payızlıq əkin, yəni dənli bitkilərin əkin prosesi isə başa çatmışdı. Mart ayına qədər isə yazlıq əkinlərlə bağlı gübrə, şitil və toxum ehtiyatları görülmüşdü. Aprel ayında yazlıq əkinlərə start verildi və həmin vaxt əhalinin yerdəyişməsinə məhdudiyyətlər tətbiq olundu. Bu məhdudiyyətlər fonunda isə əsas diqqət ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı kənd təsərrüfatı sahəsinə yönəlmişdi. Dövlət bu məsələni daim diqqət mərkəzində saxladığı üçün xüsusi karantin rejimi ilə bağlı bütün qərarlarda bu məsələ nəzərə alındı. Xüsusi karantin rejimi ilə bağlı qəbul edilən bütün qərarlarda kənd təsərrüfatı fermerlərinin ölkə ərazisində hərəkətinə sərbəst şərait yaradıldı. Bu günə qədər də fermerlərin hərəkətinə şərait yaradılıb. Dövlətin göstərdiyi xüsusi diqqət nəticəsində yazlıq əkin prosesində fermerlərə heç bir problem olmayıb. İstər əkin prosesində, istər kənd təsərrüfatı məhsullarının yığılması, istərsə də bazarlara daşınması normal qaydada həyata keçirildi. Fermerlər karantin dövründə qaydalara uyğun olaraq sosial məsafəni gözləmək, dezinfeksiya tədbirlərinə riayət etməklə fəaliyyətlərini davam etdirirlər".

V.Hüseynov bildirib ki, yazlıq əkinlər pandemiyadan heç bir ziyan çəkməyib: "İstər pambıq, istərsə də qarğıdalı, şəkər çuğunduru və tütün əkinləri normal həyata keçirilib. Aprel ayının sonlarında giləmeyvələrin ilkin məhsul yığımı başladı. Həmin ərəfədə bölgələrdə karantin rejimi yumşaldıldı və bu da fermerlərin işini asanlaşdırdı. Hazırda da yığım davam edir. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bölgələrdə bununla bağlı mütəmadi monitorinqlər keçirir, fermerlərin fəaliyyətinə hər hansısa bir problem yaranarsa, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməklə problemi aradan qaldırırlar. Hazırda fermerlər heç bir xüsusi arayış tələb olunmadan məhsullarını bazara çıxara bilirlər".

Şöbə müdiri bildirib ki, istənilən fermer istehsal etdiyi məhsulu istər Bakı şəhərinə, istərsə də digər böyük şəhər və rayonlara heç bir maneə ilə rastlaşmadan çatdıra bilir. Hazırda isə kənd təsərrüfatı sahəsində ən mühüm proseslərdən olan taxıl biçininə start verilib. Bu proses də normal həyata keçirilir. Bu günə qədər fermerlər və kənd təsərrüfatı sahəsində çalışan işçilərdə koronavirus aşkar edilməyib. Bununla bağlı həmin şəxslərə təlimlər keçirilib, onlar təlimatlanıdırılıb. Amma pandemiya dövründə kənd təsərrüfatı sahəsində də müəyyən risklər ola bilər ki, hazırda nazirlik bu riskləri dəyərləndirir və müzakirə edir".

Nazirlik sözçüsü əlavə edib ki, fermerləri narahat edən məsələlərdən biri də istehsal etdikləri məhsulların ixracı idi: "Bu gün bu məsələ də həllini tapıb. Bilirsiniz ki, xüsusi karantin rejimi təkcə Azərbaycanda deyil, bütün dünyada var və fermerlər buna görə də ixrac məsələsindən narahat idilər. Bizim kənd təsərrüfatı məhsullarının ixrac olunduğu ölkələrdə də xüsusi karantin rejimi tətbiq edilib. Amma bu gün kənd təsərrüfatı məhsullarının ixracına da şərait yaradıldı. Lakin pandemiya dövündə kənd təsərrüfatı məhsullarına bəzi xarici ölkələrdə tələbat azalıb. Bu isə məhsulun keyfiyyətindən asılı deyil. Tələbatın azalması digər ölkələrdə də karantin rejiminin tətbiqi bağlıdır. Bu problem də həll olunmaqdadır. Artıq həmin ölkələrdə karantin rejimi yumşaldılıb və tələbat artmaqdadır".

V.Hüseynov deyib ki, bütün sahələr kimi, kənd təsərrüfatı da pandemiyanın zərərli təsirindən sığortalanmayıb: "Hazırda ölkədə taxıl biçininə start vermişik. Pandemiyanın taxılçılığa nə qədər təsir göstərəcəyi biçin başa çatandan sonra müəyyən ediləcək. Həmçinin, pambıq və digər məhsullara mənfi və ya müsbət təsir həmin məhsulun yığımı başa çatandan sonra müəyyən ediləcək. Proseslər ötənilki kimi qrafik üzrə davam etdirilir və bu prosesə dövlətin də xüsusi dəstəyi olub. Mən bu prosesdə, xüsusilə də cənab Prezidentin sərəncamını misal çəkmək istəyərdim. Dövlət başçısının sərəncamı ilə fermerlərə mikro-kreditlərin verilməsinə başlanıb və bu prosesə 30 milyon manat vəsait ayrılıb. Bu, fermerlərə pandemiya dövründə edilən ən böyük dəstək idi. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin əsas missiyası pandemiya dövründə ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir. Bununla bağlı pandemiyanın bütün dünyada və ölkədə gedən proseslərin kənd təsərrüfatına təsirini minumuma endirməyə nail olmuşuq və bu proses də davam edir".


Etiketlər:  Pandemiya Azərbaycanın kənd təsərrüfatına ciddi təsir etməyib RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ