Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeznəsini bıçaqlayan kişi: ''Bağışla, Şahmurad, zarafat etdim'' - Təfərrüat

Yeznəsini bıçaqlayan kişi: ''Bağışla, Şahmurad, zarafat etdim'' -  Təfərrüat

Tarix: 7 Iyun 2020 16:30

Qazax rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Zaur Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, Zaur Mehtiyev Qazax rayonunun Quşçu Ayrım kəndinin mərkəzindəki "Xırman yeri" adlanan ərazidə bacısı Zoya Mehtiyevanın keçmiş əri Şahmurad Qaracayev ilə rastlaşıb. O, Şahmurad Qaracayevin sərxoş vəziyyətdə küçədə gəzdiyini görüb və ona övladlarının evdə tək olmalarını xatırladaraq evə getməsini tələb edib.

Şahmurad Qaracayev onun iradını qəbul etməyib, zarafala salaraq ona söyüşlə cavab verib və onun ailə işinə qarışmamasını bildirib.

Zaur Mehtiyev Şahmurad Qaracayevin qeyd olunan hərəkətini bəhanə edib, üzərində gəzdirdiyi cib bıçağı ilə onun qarın nahiyəsindən xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Zaur Mehtiyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Şahmurad Qaracayev bildirib ki, Zaur Mehtiyevin bacısı ilə boşansa da, Zaurla münasibətləri həmişə yaxşı olub, aralarında hər hansı narazılıq olmayıb: "Hadisə vaxtı Zaur mənə "sərxoşsan, get evə, ailən, uşaqlarınla ol" dedi. Mən isə cavabımda Zaura "mənim sərxoşluğumdan sənə nə, özüm bilərəm hara gedərəm, nə iş görərəm" sözlərini söylədim.

Həmçinin yadımda qaldığına görə ona biədəb sözlər dedim. Söyüşüm Zaurun xoşuna getmədiyi üçün qarşıma keçdi, israrla evə getməyimi tələb etdi. Zaurun iradına narazılıq edərək mübahisə etdim, zarafatla onun ünvanına yenə də nalayiq söyüş söydüm.

Bu zaman Zaur qəfildən cibindən çıxardığı bıçaqla qarın nahiyəmə bir dəfə zərbə vurdu. Sonra Zaur mənə "bağışla, Şahmurad, zarafat etmək istədim" sözlərini dedi. Məni hadisə yerindən yaşadığım evin yaxınlığına qədər apardı, yaramı yuyub, təmizlədi, əski parçası gətirərək yaramın üzərinə qoydu".

Zərərçəkmişin sözlərinə görə, daha sonra Zaur zəng edərək təcili tibbi yardım çağırıb. O, qeyd edib ki, hadisədən sonra Zaur ona dəymiş zərəri ödəyib, bütün xərcləri tamamilə qarşılayıb. Zərərçəkmiş Zaurdan hər hansı şikayətinin olmadığını söyləyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mehtiyev 6 il müddətinə azadlıqdan məhum edilib.

Hökmdən narazı qalan Zaur Mehtiyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Zaur Mehtiyevin cəzası 4 ilə endirilib.


Etiketlər:  Yeznəsini bıçaqlayan kişi Bağışla Şahmurad zarafat etdim Təfərrüat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ