Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elman Nəsirov: Azərbaycanın ''taclı virus müharibəsi''ndə taktiki qələbəsi

Elman Nəsirov: Azərbaycanın ''taclı virus müharibəsi''ndə taktiki qələbəsi

Tarix: 7 Iyun 2020 21:54

Hər bir nəslin taleyinə öz məsuliyyəti düşür. Hər bir nəsil öz çağırışları ilə üzləşir. Babalarımız faşizm çağırışı ilə sınağa çəkildi. Məsuliyyətini tam dərk edərək, müharibəyə qoşuldu və qalib gəldi. O məsuliyyəti biz nəslin üzərinə ötürmədi. Bizim nəslin taleyinə isə koronovirus pandemiyası düşüb. Bizim üçün qlobal çağırış odur. Məsuliyyəti üzərimizə götürüb ona qarşı müharibədə qalib gəlməliyik. Məsuliyyəti növbəti nəslin üzərinə ötürmək mənəviyyatsızlıq olduğu qədər də qeyri-mümkündür. Bu qarşıdurmada "kim-kimi" prinsipi artıq planetar xarakter kəsb edir. Bu mübarizədə birlik, həmrəylik və məsuliyyət sivil dünyanın əsas silahlarıdır. Qarşı tərəf isə gözə görünməyən düşmən olub, əsas müdafiə silahı-peyvəndi olmayan bəşəriyəti ölüm hökmü ilə hədələməkdə israrlıdır. Artıq dünyada yarım milyona yaxın insan bu hökmün qurbanı olmuşdur.

Azərbaycan xalqı və dövləti də tarixi sınaq qarşısındadır. Pandemiya ilə mübarizədə silahlanmışıq. Silahımız olan birliyimiz və həmrəyliyimiz ən yüksək səviyyədədir. Bu birliyin və həmrəyliyin təminatçısı Azərbaycan xalqı və onun öz prezidentinə olan sonsuz inamı və etibarıdır. Bu da təsadüfi deyildir. Möhrərəm Prezidentimiz cənab İlham Əliyevin fors-major vəziyyətdə nümayiş etdirdiyi unikal idarəçilik mədəniyyəti, operativ reaksiya qabiliyyəti, preventiv, ardıcıl və sistemli qərarlar qəbul etmək məharəti "taclı virus müharibəsi"ndə taktiki qələbəmizi təmin etmiş və strateji zəfər üçün münbit şərait yaratmışdır. Bu mübarizədə situativ qərarların qəbulu, mərhələli sərtləşmə və yumşalma manevrlərinin sinxron yerdəyişməsinin tətbiqi insanlarımızın həyatının qorunması kimi ali məqsədə xidmət etməkdədir.

Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş zirvə görüşlərinin (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir. Bu töhfə konket rəqəmlərdə öz təsdiqini tapır. Bələ ki, dünyanın 150-dən çox ölkəsi pandemiyanın vurduğu ağır iqtisadi zərbənin təsirindən çıxmaq üçün beynəlxalq maliyyə qrumlarının qapısını döyməkdə ikən, Azərbaycan nəinki belə dövlətlərin sırasınmda deyil, əksinə Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları həcminə ianə ayırmış, habelə daha 5 milyon ABŞ dolları miqdarında vəsaiti Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ünvanlamışdır. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan koronovirusla mübarizə məqsədilə daha 14 dövlətə dəstək vermişdir. Bu dəstək həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatları əhatə edir. Eyni zamanda ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə köməyə daha çox ehtiyacı olan 15 dövlətə yardım göstərməyi planlaşdırır. Deməli, ağır planetar xarakterli pandemiya dövrndə Azərbaycan demək olar ki, 30 dövlətə öz kömək əlini uzatmışdır.

Bir sözlə, pandemiya dövrü təkcə dövlətlərin və xalqların əsl simasını üzə çıxarmadı. Eyni zamanda liderlərin də simasını-şəxsiyyətini müəyyən etdi. Xalqlar bu situasiyada ya liderləri ilə sonsuz qürur hissi yaşadılar, ya da əksinə. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, elə də böyük olmayan dövlətinə böyük intellektə, dərin zəkaya, iti fəhmə, analitik düşüncə qabiliyyətinə, prinsipial və qətiyyətli mövqeyə, fprs-major vəziyyətlərdə isə sadalanan keyfiyyətlərinin unikal yüksəlmə əmsalına malik dünya səviyyəli lider-Prezident İlham Əliyev rəhbərlik edir. Azərbaycan xalqı xoşbəxtdir ki, şəxsi layaqət hissini paklıq zirvəsinə yüksəldən, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani keyfiyyətlərin unukal harmoniyasını xarizmatik davranış norması ilə tamalayan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mərhəmətli Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulamış, eyni zamanda insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirmişdir ki, "Əminəm ki, müdrük xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi şağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!"

Beləliklə, qlobal pandemiyaya ali rəhbərliyin güclü siyasi iradəsi və unikal "peyvənd"imiz-birliyimiz, həmrəyliyimiz və məsuliyyətimiz hesabına qalib gələcəyimizə inanırıq. Tam inam və qətiyyət ortaya qoymaq üçün isə ilk növbədə məsuliyyətimizi daha da artırmalıyıq. Bu sahədə boşluqların olduğu heç bir halda fərziyyə deyil, real gerçəklikdir. Bu artıq zamanın çağırışıdır. Zaman gözləmir.

Elman Nəsirov,
Azərbaycan Respublikasi Milli Məclisinin deputatı,
Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr
komissiyasinin katibi, siyasi elmlər doktoru, professor


Etiketlər:  Elman Nəsirov Azərbaycanın taclı virus müharibəsində taktiki qələbəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ