Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 10:00
Bakı. Trend:
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 4,5 kiloqramdan artıq güclü təsiredici narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini Elçin İmanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Aparılan araşdırmalarla E.İmanovun narkotik vasitəni Cəlilabad rayonunun Privolnoye kənd sakini Ziya Hüseynovdan əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan Z.Hüseynov E.İmanova həmin nakotik vasitəni satdığını etiraf edib və əlavə olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində ona məxsus olan əkin sahəsində torpağa basdıraraq gizlətdiyini bildirib. Z.Hüseynovun özünün də iştirakı ilə sözügedən əraziyə keçirilən baxış zamanı orada torpaq qatının altında gizlətdiyi 5 ədəd sellafon bağlamada ümumi çəkisi 4,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.