Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir''

''AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir''

Tarix: 9 Iyun 2020 12:24

Cənab Prezident həmişə təmkini ilə seçilib. Artıq gəlib son həddə çatandan sonra belə ifadələrlə vəziyyəti əks etdirib. 

Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Prezident İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı "Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu", satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir" fikirlərini şərh edərkən deyib.

O, AŞPA-nı beynəlxalq normalar çərçivəsində hansısa bir tədbir görmək, məsələni həll etmək əvəzinə ermənipərəst mövqe nümayiş etdirməkdə ittiham edib:

"AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi birinci hal deyil. Dağlıq Qarabağ məsələsinə gələndə əgər Avropada bütün ölkələr və Avropa Birliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, deməli, Azərbaycanın hər hansı bir ərazisində Azərbaycana tabe olan hərbi qüvvələr ola bilər. Ancaq təəssüflər olsun ki, artıq 27, 28 ildir işğal davam edir və Azərbaycan ərazisində Azərbaycana tabe olmayan Ermənistanın işğalçı qüvvələri var. AŞPA beynəlxalq normalar çərçivəsində hansısa bir tədbir görmək, məsələni həll etmək əvəzinə görünür ki, başqa mövqe tutur. Bəzən onların mövqeyi elə bil ki, orada olan erməni diasporlarının sifarişini yerinə yetirir. Ancaq beynəlxalq hüquq normaları qalır kənarda. AŞPA yarananda, bəzi məsələləri müzakirəyə qoyanda bir tərəfdən düşünülürdü ki, beynəlxalq hüquq normalarını gözləmək və bu hüquq normalarını yerinə yetirmək üçün müəyyən bir dəstək ola bilər. Birinci növbədə, Dağlıq Qarabağla bağlı cənab Prezident dəfələrlə Avropa Şurası Parlament Assambleyasına da (AŞPA) müraciət edib. Avropa Şurasının Ermənistanın qanunsuz işğal əməllərinə bir birlik olaraq beynəlxalq hüquq normaları çərçivəsində reaksiyasını görmək mümkün olmadı".

Ehtiyatda olan polkovnik AŞPA-nın Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqeyinə görə nüfuzunu beynəlxalq aləmdə itirdiyini qeyd edib:

"Biz AŞPA-nın Suriyayla, İraqla, Küveytlə və s. başqa ölkələrlə bağlı reaksiyasını bilirik. Hətta qanunsuz birləşmələrdir deyə Suriyada koalisiya yarandı və İŞİD-ə qarşı əməliyyatlar keçirildi. Ancaq qanunsuz hərbi birləşmələr Dağlıq Qarabağda da mövcuddur. Buna baxmayaraq, AŞPA ikili standartlardan çıxış edərək, ümumiyyətlə, susur. Nəyinki susur, hətta Azərbaycana qarşı hansısa bir məlumat əsasında əsaslandırılmamış müəyyən bir kampaniya aparır. Çalışır ki, müəyyən bir şəkildə öz mövqeyini bildirsin. Avropa belə mövqeyi ilə öz nüfuzunu beynəlxalq aləmdə, demək olar ki, itirib. Təbii ki, cənab Prezidentin də haqlı olaraq buna reaksiyası da bəllidir. Bu, haqlı bir reaksiyadır. Cənab Prezident İlham Əliyevin bu fikirlərini bizim cəmiyyət anlayır, qəbul edir. Cənab Prezidenti bu sözləri deməyə bugünkü AŞPA-nın mövqeyi məcbur edib. Bundan müəyyən bir nəticə çıxarılmalıdır. Hər halda bu istiqamətdə Azərbaycan öz diplomatik səylərini əsirgəməyəcək, haqq işini həmişə dəstəkləyəcək və haqsızlığı bu formada ifşa edəcək". 

Təhməz Təkin
Milli.Az


Etiketlər:  AŞPA elə erməni diasporalarının sifarişini yerinə yetirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ