Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 10:12
Bakı. Samir Əli - Trend:
Səhiyyə Nazirliyinin nümayəndələri Türk Şurası Sağlamlıq Koordinasiya Komitəsinin videokonfrans formatında keçirilən görüşündə iştirak ediblər.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Səhiyyə nazirlərinin 28 aprel 2020-ci ildə videokonfrans formatında keçirilən görüşündə qəbul edilən qərarların həyata keçirilməsi üçün Türk Şurası Sağlamlıq Koordinasiya Komitəsi ilk videokonfrans görüşünü keçirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevin başçılığı ilə keçirilən toplantıya, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Viktor Qasımov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Samir Abdullayev, Qazaxıstan Respublikası Səhiyyə Nazirinin müavini Lyudmila Byurabekova, Qırğızıstan Respublikası Səhiyyə Nazirinin müavini Nurbolot Usenbaev, Türkiyə Səhiyyə Nazirinin müavini Emine Alp Meşe, Özbəkistan Respublikası Səhiyyə Nazirinin birinci müavini Yusubaliyev Bohadir Kahramanoviç və Macarıstan Səhiyyə xidmətləri müdiri Cecilia Müller qoşulub.
Görüşdə, yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması, erkən diaqnozun qoyulması və epidemioloji vəziyyətin nəzarətdə saxlanılması barədə təcrübə mübadiləsi aparılıb. Həmçinin xəstəliyin qarşısının alınması və müalicəsində yeni metodların araşdırılması üçün əməkdaşlıq müzakirə edilib.