Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 17:09
Bakı. Trend:
Dünən Bakı şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi, Tatarıstanın Gənclər Nazirliyi və “Selet” Tatarıstan Gənclər Hərəkatının birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə 6-cı Kazan İƏT Gənc Sahibkarlar Forumu onlayn formatda başlayıb.
Trend-in məlumatına görə, qəbul üçün müraciət etmiş yüzlərlə layihə arasından seçilən 44 ölkədən 200-ə yaxın gənc startap müəlliflərinin iştirakı ilə baş tutan açılış mərasimində Tatarıstanın Gənclər Naziri Dəmir Fəttahov, İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev və Rusiya Federasiyasının Gənclik Məsələləri üzrə Federal Agentliyin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Tatyana Seliverstova çıxış ediblər. Elməddin Mehdiyev öz çıxışında artıq 6-cısı keçirilən Foruma 5 il ərzində on mindən çox biznes layihəsinin iştirak üçün müraciət etdiyini, 800-dən artıq layihə müəllifinə müvafiq təlimlərin verildiyini və Forumun məzunları arasında beynəlxalq investorlar tərəfindən hər biri 1 milyon ABŞ dollarından artıq investisiya almış uğurlu startapların olduğunu və onlar arasında azərbaycanlı startap müəlliflərinin də yer aldığını bildirib.
İƏT üzv ölkələrinin və qeyri-üzv dövlətlərdəki müsəlman icmaların gənc startapçılarına layihələrinin inkişaf etdirilməsi və beynəlxalq investorlara təqdim edilməsi üçün dəstək göstərilməsini nəzərdə tutan Forum 2015-ci ildən etibarən Tatarstan Respublikası hökumətinin tərəfdaşlığı ilə Kazan şəhərində təşkil edilir. Dünyada davam edən yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində təşkilatçıların birgə qərarı ilə Forumun builki mərhələsi onlayn formatda keçirilir. Əsasən İƏT üzv ölkələrindən olmaqla, ABŞ, Rusiya, Almaniya, İsveç, Birləşmiş Krallıq və Cənubi Koreya kimi qeyri-üzv dövlətlərdən də seçilmiş gənclər 8 həftə davam edəcək onlayn təlimlərdə iştirak edəcək və sentyabr ayında keçirilməsi nəzərdə tutulan layihənin yekun mərhələsində öz layihələrini beynəlxalq investorlara təqdim etmək üçün yarışacaqlar. Təlimlər startap sahəsində təcrübəli beynəlxalq mütəxəsislər tərəfindən keçiriləcəkdir. Müraciət edən layihələri Forumda iştirak üçün seçən jüri nümayəndəsi “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin Startaplarla İş üzrə Şöbə müdiri Tengiz Ağakişiyev Forumda iştirak edən startaplar arasında olduqca maraqlı və gələcək vəd edən layihələrin olduğunu bildirib.