Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 16:42
Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birlikdə təşkilatçılığı ilə Quba, Xaçmaz, Siyəzən, Qusar və Şabran rayonlarının dini icmalarının nümayəndələrinin və Komitənin əməkdaşlarının iştirakı ilə videokonfrans keçirilib.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, tədbirdə çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-inin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Müvəkkilin təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” keçirilir.
Tədbirdə digər məsələlərlə yanaşı, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası üzrə müzakirə aparılıb, məsələnin hüquqi və dini aspektlərindən bəhs olunub.
Eyni zamanda, Quba Regional Mərkəzi videokonfrans rejimində Quba və Qusar rayonlarının Gənclər və İdman İdarələrinin əməkdaşlarının və müvafiq rayonlardan olan fəal gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirib.
Həmin tədbirdə iştirakçılar “Azərbaycan gəncləri 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar Müvəkkil tərəfindən görülən işlər barədə geniş məlumatlandırılıb.
Tədbirlərdə Ombudsmanın səlahiyyətləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.