Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Virusla mübarizə aparan həkimlər: “Burda cəhənnəm əzabı çəkirlər...” - FOTO

Virusla mübarizə aparan həkimlər: “Burda cəhənnəm əzabı çəkirlər...” - FOTO

Tarix: 13 Iyun 2020 19:27

Milli.Az medicina.az-a istinadən Aida Eyvazlının yazısnı təqdim edir

Gecə saat 2-nin yarısıdır. Pəncərəm önündə diz çöküb göz yaşlarım içərisində Tanrıma dualar edib, yatağıma uzandım. Dualarımda Vətənimin başından bu bəlanın - koronovirus adlı şeytanın tez yox olub getməsini istədim. Tanrıya üz tutub dedim ki, onu küləklərə qovuşdur apar, qov başımızın üstündən. Çox inamla dedim. Bütün insanlıq və bu gün koronovirus bəlasından əziyyət çəkən insanların doğmaları üçün rahatsızam. Başına gələn başmaqçı olar. Bilmirəm ya zəlzələdən, ya vəlvələdən... ciyərimin parəsi qardaşıma da bu bəla toxundu. Dərdi çəkən anlayar. Ona görə də mən bu bəlanın olduğuna inanıram. Süni gəlib, ya siyasi oyundur... hər nədirsə, amma gəlib, amma vardır, amma insanların nəfəsini kəsir. Bəli, məhz nəfəsini kəsir. Bir udum havaya möhtac qoyur insanları. Tanrıma dua etməzdən əvvəl Şəhriyar Del Gerani balamızın da yazısını oxumuşdum. Bu boyda ağrının, dərdin içərisində canında qeyrət, ürəyində təpər tapıb İNSANlara müraciət etdi ki, qaydalara riayət edin. Dövlətin qoyduğu qaydalara.

...Gözümü təzəcə huş aparmışdı ki, telefonuma zəng gəldi. Baxdım ki, gecə saat 02-dən 7 dəqiqə ötüb. Zəng edən qardaşımın həkimi, Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Gülara Abbasova idi. Telefonumun açar kodunu unutdum. Əllərim titrəyirdi. Neylədimsə, aça bilmdim. 5-ci cəhddən sonra barmaqlarımın yaddaşı kodu tapdı. Açdım. Ürəyim nanə yarpağı kimi titrəyirdi. Gecənin bir aləmində bu nə zəng idi? Həkim qardaşım haqqında nə deyəcəkdi? Titrəyə-titrəyə soruşdum ki, doktor, "vsye", "nə oldu???" Hər gün eşitmək istəmədiyim xəbəri almağa hazırlaşırdım. Əvəzində həkimin gülüş səsini eşitdim: "Xanım, mən əlimdən gələni etdim! Qardaşınız gözlərini açdı!" Gecənin bir aləmi qonşularımı dəli etdimmi, etmədimmi? Bilmirəm. Ahhhh... olmaya bu emosionallığım...

Günlərdən bəri həsrətlə gözlədiyim iki kəlmə söz... Nə bahalı, nə həsrətli, nə sevincili, nə gərəkli bir söz oldu. Həkim bir daha dedi:

"Mən əlimdən gələn hər şeyi etdim... bundan sonrasını xəstə özü etməlidir..." Həkimə dedim ki, mənim bu sözlərimi çatdır qardaşıma: "Xatəm, qeyrətin olsun, atamız Məmmədşah heç vaxt kürəyini yerə vurmadı. Qalx ayağa, özündə təpər tap".

Həkimdən xahiş etdim ki, mənə isti-isti reportaj yazmağa kömək etsin, elə gecənin bu aləmində məni növbədə işləyən o qəhrəmanlarla, günümüzün qəhrəmanları ilə tanış etsin. Dedi ki, həmin qəhrəmanları mənimlə elə bu gecə mütləq görüşdürəcək.

Biz evimizdə rahat yatağımızda yatarkən, onlar xəstəxanalarda bizim doğmalarımızın keşiyini çəkir, Həyatı bir andan asılı olan, bir udum nəfəsə möhtac olan insanları həyata qaytarmaq üçün çarpışırlar. Onlara nəfəs vermək istəyirlər. Ancaq bununla belə deyirlər ki, biz çalışırıq, ən yaxşısını göydəki Tanrı bilir, o istəsə, "OL!" desə, olacaq. 5 dəqiqədən sonra, yenə telefonum yenə zəng çaldı. Bu dəfə həkim xalatında olan gözəl bir qadın idi mənimlə danışan. Mən həkim -reanomotoloq Gülarə Abbasovanı döyüş paltarında - yəni virusla mübarizəyə girdiyi paltarlarda ARB TV-nin əməkdaşılarının hazırladıqları təqdirəlayiq reportajda görmüşdüm. İndi onu birinci dəfə idi ki, belə açıq üzlə görürdüm. Videoreportajlarda gördüyümüz həkimlərin komuflyaj paltar və bağlı üz maskasına görə nə gözlərini, nə sifət cizgilərini seçə bilmişik. Nəcib bir gözəl, insanlara şəfa verən bir ana, bir qadın baxırdı telefonun ekranın o biri üzündən. O qədər xoşbəxt idi, uçmağa qanadı yox idi. Gözlərindən görünürdü. O bu gecə daha bir dəfə Şər qüvvənin üzərində qələbə qazanmışdı. Bu qələbəsinə sevinirdi. Dünyaya yeni bir insan gətirmişdi, qardaşımı Mərkəzi Neftçilər Xəstəxanasında həyata qaytarmışdılar. Həkim xoşbəxt idi. Öz işindən həzz aldığı bütün sifətinə nur kimi çökmüşdü. Hətta üzünə taxdığı maskanın izi də onun gözəlliyinə xələl gətirmirdi. Öz peşənin, öz işinin zövqü danyada heç nə ilə ölçülməz. Şair bir gözəl şer yazanda sevindiyi kimi, riyaziyyatçı məchul rəqəmi tapanda, kimyaçı axtardığı maddəni alanda, xalçaçı toxuduğu xalçanın arxacını kəsəndə... belə sevinir. Sağalan xəstələr əsil həkimlərin sənət əsərləridirlər.

Doktor Gülara Abbasova virtual görüntüdə yemək və istirahət otağına keçir. Burada bir qadın özünə çay süzür. Deyir ki, Mehparə xanımdır, Dadaşzadədir. Yenə gözəl, üzündə işıq yanan bir ana dayanıb gözlərimin önündə. Yaşı 60-a yaxın olar yəqin. Ancaq bu nə işıqdır üzündə. Deyim bilin, bu işığı həkimlərin, təbiblərin üzünə Tanrı verib. Etdikləri əməllərin işığıdır. O üzlərindəki işıqla, ürəklərindəki şəfqətlə xəstələrə şəfa vermək üçün çalışırlar. Üzü-gözü pörtüb. Mehparə xanım deyir ki, indi bu qızmar yayda vətəndaşlarımız evdə, işdə, küçədə bir köynəklə belə istidən bezdikləri halda, biz elə olur ki, 6-8 saat bu komuflyajı əynimizdən çıxarmırıq. Ancaq dözürük, bilirik ki, müqəddəs iş görürük, bilirik ki, insanlara göydəki Allahdan sonra bir udum nəfəs almağa biz də yardımçı oluruq bu ağır günlərdə. Sonra tibb bacısı Zahirə xanım gəlir. Elə bil üzünü alov qarsıb, saçlarının dibinə qədər yaşdır. Sanki hamamdan indi çıxıb. Dava paltarından bir neçə saatlığa azad olub. Bu qəhrəman qadınların hamısının üzündə bir məmnunluq, bir gülüş, bir sevgi var. Elə sevinclə-həvəslə danışırlar ki, heç inciklikləri, işdən bezdikləri də sezilmir üz-gözlərində. Ancaq sevinc yayılır ətrafa. Burada çalışan həkimlər bizim bəzi xalatlarında cibi çox olan həkimlərə bənzəmirlər. Onlar elə bil ki, bir başqadırlar. Onlar həm də KÖNÜLLÜDÜRLƏR. Bu il ölkə prezidenti ilimizi "Könüllülər ili" elan etdi. Sən demə, başımızın üstünü bu qara buludlar alanda ilk qabağa keçən ağ xalatlı həkimlərimiz olacaqlarmış.

Üç tibb işçisi - reanimasiya şöbəsinin müdiri, həkim reanimotoloq Gülarə Abbasova, tibb bacısı Mehparə Dadaşzadə və tibb bacısı Zahirə Həsənova çay içə-içə insanlara etdikləri köməyin həzzini yaşayırlar. Özü də ki, bir stəkan çayla kifayətlənmirlər. Çünki o sintetik, hava keçirməyən komuflyajın içərisində bu isti havada 6-8 saat ərzində tərləyərək, öz bədənlərindən nə qədər enerji və su itirmiş olurlar. İndi həmin balansı bərpa etmək zamanıdır ki, bir azdan yenə onları gözləyən xəstələrin yanına qayıdacaqlar.

G.Abbasova deyir ki, bu reanimasiya şöbəsində həkim Samirə Məmmədova və onun rahat işləyə bilmələrinin səbəkarı aşağıda siyahısını verdiyimiz Mərkəzi Neftçilər Xəstəxanasının tibb işçiləri, sanitarlarıdır. İlk növbədə əziyyətə qatlaşan onlardır.

Tibb bacıları: Əliyeva Kəmalə, Əliyeva Səbinə, Həsənova Zahirə, Babayeva Balacaxanım, Baxışova Gunel, Məmmədova Dillər, Dadaşzadə Mehparə, İsmayilova Vəfa, Hacıyeva Xəyalə, Məmmədova Gültəkin, Bağırova Aysel, Məmmədova Lalə, Əzizova Könül, Mirzəhəsənova Qismət, Həsənova Zərifə, Əlibəyli Leyla, Mədətli Arzu, Cəbiyeva Sehranə, Müzəffərova Əfsanə, Quliyeva Könul, Xalapova Tirana. Kiçik tibb işçiləri: Məmmədova Arzu, Huseynova Sevinc, Abbadov Telman, Rustəmi Mətanət, Əzimova Pərvanə, Nəsibova Marina, Nəsirova Rəmziyyə, Abbasov Elman, Babayeva Nailə, Muxtarova Dilarə və s.

"Həkim Samirə Məmmədov və mən öz işimizi bu tibb personalı olmadan görə bilmərik. Onlar olmadan heç bir xəstə sağalmaz. Siz bilirsinizmi ki, buradakı palatalarda gündə iki dəfə yataq bezləri, xəstələrin paltarları, örtükləri, pərdələri dəyişilir. Burada işlədilən hər şey birdəfəlikdir. Burada təmizliyi təmin etmədən, müalicənin nəticəsini ala bilməzsən. Bizim kollektiv ilk növbədə tibb bacıları və kiçik tibb işçiləri ilə güclüdürlər".

Və mən, həkimin bu etirafından sonra bir daha bizim dövlətimizin rəhbəri və Birinci vitse-prezidentin bütün dünya liderlərinin haştaq etdikləri #BIZBIRLIKDƏGÜCLÜYÜK# kəlamının gücünə daha çox əhəmiyyət verməyin lazım olduğunu anlayıram. Fikirləşirəm ki, bu haştaqı KİV-lərdən əzbərləsək də, əslində həyatımıza tətbiq edə bilmədik. Böyük əksəriyyətin sloqan xatirinə, televiziya ekranında görünmək xatirinə dediyi #BIZBIRLIKDƏGÜCLÜYÜK# fikrini sözün əsil mənasında tətbiq və təbliğ edə bilsəydik, bu gün xəstəxanalarımız belə dolub-daşmazdı. Unutmayın ki, xəstələrimizin sayı həkimlərin sayından çoxdur, özü də ki, lap çox.

İnsanların intizamsızlığının, etibarsızlığının, inamsızlığının ağrısını isə DÖVLƏT BABA və bu döyüşdə düşmənə qalib gəlmək üçün xəstəxana səngərlərinə atılan ağ xalatı hava keçirməyən komuflyajlara dəyişən tibb işçilərimiz çəkirlər. Nə olar, dövlətimizə, doğmalarımızın keşiyində duran TƏBİB-in tibb personalına əziyyət, ağrı verməmək üçün intizamlı olun. Tələb və qaydalara riayət edin. İnanın ki, belə etməsəniz bir neçə həftədən sonra özünüz DÖVLƏT-ə yalvaracaqsınız ki, bağlayın şəhəri, bağlayın qapılarımızı, evimizə dolmasın bəla. Özünüzü və ətrafınızı qorumaq üçün ehtiyatlı davranın. Özünüzdə xəstəliyin əlamətlərini hiss edəndə dərhal həkimə müraciət edin. İmmunitetinizi gücləndirin. Bu xəstəlik QİÇS xəstəliyi deyil, utanc gətirən xəstəlik deyil ki, onu gizlədəsiniz. Bu xəstəlik Planetin bəlasıdır. Bu xəstəlik Tanrının insanları düzənə gətirmək üçün sınağıdır.

Gülarə Abbasova, həkim reanimotoloq:

- Bizim kiçik tibb personalımız və tibb işçiləri, ümumiyyətlə, bu "COVİD-19"la mübarizə aparan bütün tibb təşkilatlarının işçiləri günlərlə özündə olmayan, nəfəs aparatlarına qoşulan xəstələrin bədən tullantılarını dəyişdirib, çirkli yataqlarını gündə bir neçə dəfə təmizləyirlər. Adi halda kiminsə evində bəzən bir xəstə bir dəfə yatağı bulaşdıranda, narahatlıq yaranır. Ancaq mənimlə birlikdə işləyən tibb işçilərimiz günümüzün qəhrəmanıdırlar. Onlar hər şeylərindən keçiblər. Onları buraya gətirən ideyadır. Şərəfdir. Həkim xalatını geyinərkən içdikləri Hippokrat andıdır. Mən çox istəyirəm ki, bizim insanlarımız bu gün Vətənimizin ən ağır müharibə bölgəsi olan "COVİD-19"-la mübarizə aparan xəstəxanalardakı tibb işçilərini tanısınlar. Bu bizə daha çox stimul verər. Mən öz həkim peşəmlə şərəf duyuram. Çində "COVİD"lə mübarizə sona çatanda bütün şəhər həkimləri, tibb işçilərini ayaq üstə alqışladı. Onlar bu dərdin acısını gördülər, içlərindən keçirdilər. Bu Çin xalqının tibb işçilərinə verdiyi dəyər idi. Elə şeylər var ki, maddiyyatla ölçülmür. Əgər biz bu gün mənəvi dəyərlərimizi üstün tutub burada qalırıqsa, deməli maaddiyyatdan da uca dəyərlər vardır. Bizim kollektivdə işləyənlərin heç biri səngərdən geri çəkilmək istəmir. Mənim briqadamda elə işçi var ki, evində xəstəsi var, eləsi var ki, körpə uşağını qoyub gəlir. Rəhbərliyimiz bəzilərinə ailə şəraiti ilə əlaqədar hətta işdən ayrılmağa icazə belə vermək istəsə də, bizim qəhrəmanlarımız səngəri boş qoyub, bir udum havaya ehtiyacı olan xəstələri qoyub getmək istəmirlər. Mən martın 26-dan 27-nə keçən gündən buradayam. Xəstəxanamızın "COVİD-19"-a uyğunlaşması prosesində iştirak etmişəm. Burada hər bir çarpayının, hər bir aparatın necə işləməsinə cavabdehəm. Elə vaxt olur ki, heç gecəni 2 saat yatmırıq. Bəzən xəstəni ağır vəziyyətdən çıxarmaq üçün səhərə qədər mübarizə aparırıq. Bir qızımla uzaqda olduğuna görə onlayn görüşürəm, buradakı 10 yaşlı qızımı isə bir dəfə şüşənin o biri üzündən görmüşəm. Və bizimlə işləyən hər kəsin ömür səhifəsi belə yazılır burada.

- Doktor, mən sizə inanıram. Sizə xəstələr inanır. Ancaq özünüzün də dediyiniz kimi, insanların səhlənkarlığı üzündən virusun yayılması çoxalır. Bunun qarşısını ala biləcəyikmi?

- Mən sizdən çox xahiş edirəm, vətəndaşlarımıza və insanlarımıza deyin ki, bu virusun olmasına inansınlar. Əgər gəlib 1 gecə burada işləsələr, burada xəstələrin necə ağır durumda olduqlarını, necə əziyyət çəkdiklərini görsələr, qoyulan qadağalara əməl edərlər. Dişinizin dibində bir kiçik yemək qırığı qalanda narahat olursunuz, buraya ağır virus simptomları, nəfəs çatışmazlıqları ilə gəlib düşdükdə bədənlərinə, boğazlarından ağ çiyərlərinə keçirilən şlanqların yaratdığı narahatlığa dözməyin cəhənnəm əzabı olduğunu görəcəklər. Ona görə də tez-tez əllərini yusunlar, maskasız çölə çıxmasınlar. Mütləq məsafə saxlasınlar. Bir də ki, restoranlarda yeyib-içməyə tələsməsinlər. Unutmasınlar ki, bir gün restoranda oturub şənlənmək, sonra 15-20 günün əziyyətinə və həyatın sonuna gətirib çıxara bilər. Və bir də ki, mütləq bizi düşünsünlər. Biz də evimizə getmək, doğmalarımızı qucaqlamaq, restoranlarda ailəvi istirahət etmək istəyirik. Bizim əlimizdən bu şansımızı almasınlar. Unutmasınlar ki, xəstələr həkimlərdən çoxdur. Və həkimlərimiz, tibb personallarımız da hər gün bu xəstəliyə tutula bilirlər. Həkimlərin də bir gün gücü azalsa, onda sizi kim sağaldacaq? Siz çox, biz az. Gəlin bir-birimizi sevə-sevə yaşayaq.

Mən bu yazımı sonlayanda artıq Günəş dənizin üstündən pəncərəmdən evimə boylanırdı. Bu gün mənim üçün yeni gün başlayırdı.12 gün çəkdiyim əzabların, əziyyətlərin mükafatını Tanrı mənə vermişdi. TƏBİB-in həkimləri, dostlarım, Dövlətim mənə, bütün əzab çəkən xəstələrə dəstək olmuşdu. Hər gün TƏBİB-in verdiyi informasiyalarda sağalan insanların sayı elə-belə əmələ gəlmir. O sayı möcüzə yaradan həkimlərimiz artırırlar.

Vətənimin vətəndaşlarına, sakinlərinə, yer üzünün insanlarının hamısına üzümü tutub deyirəm. İNTİZAMLI olun. Dövlət və hakimiyyətin verdiyi sərəncam və qanunlara hörmətlə yanaşın. Qanuna riayət etmək hər bir vətəndaşın borcudur. Unutmayın ki, bir xəstənin buradakı xərcı ən az olanda bir günü 100-500 manata başa gəlir. Cəmiyyət xəstələnsə, dövlət də batacaq. Xalqımızı qorumaq üçün bir olaq, birgə olaq! Bu gün ən ümdə olan bir anlayış varsa, o da sağlamlığımızdır, öz sağlamlığımızı təhlükəyə atmasaq, dövlət də ziyan çəkməyəcək. Ona görə evinizdə, qonşunuzda yaşayan hər kəsə əl tutun, aldığınızı ətrafdakılarla bölüşün. 20 çörəyi alıb bir evə aparmayın. Bir çörəyi 20 tikəyə bölüb, ətrafdakılarla bölüşməyi bacarsanız, o çörək dilimləri çoxalacaq. Könlünüzü tox tutun. Tanrı sevinci, ruzini bölməyi bacaranları sevir. Elə yaşayın ki, Tanrının imtahanından üzüağ çıxın. İnanın onun İMTAHANından üzüağ çıxanlar mükafat alanlardır.

Mən inanıram ki, Tanrının və Dövlətimizin qoyduğu şərtlər altında səngərə dönən tibb müəssisələrində işləyən, bu gün ailələrindən, doğmalarından ayrı düşüb bir amal uğrunda - insanlara şəfa vermək üçün çalışan həkimlərimizi dövlətimiz və hökumətimiz dəyərləndirəcək. Onların bu fədakar əməyi nə Tanrı tərəfindən, nə də DÖVLƏTimiz tərfindən mükafatsız qalmayacaq. Gün o gün olsun ki, biz də bu səngərdə vuruşan həkimlərimizi, tibb işçilərimizi çinlilər kimi ayaq üstə, "Heyratı" sədaları altında qarşılayaq.

Milli.Az


Etiketlər:  Virusla mübarizə aparan həkimlər Burda cəhənnəm əzabı çəkirlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ