Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vağzalı” çalınmayınca, iflic olan sahələr

“Vağzalı” çalınmayınca, iflic olan sahələr

Tarix: 14 Iyun 2020 21:26

Deyir, tez duranla tez evlənən uduzmaz. Bu məsəlin nə dərəcədə doğru və ya yanlış olduğunu deyə bilmərəm, amma son 2 aydır ki, gənclərimiz nə qədər tez dursalar da, evlənə bilmirlər. Səbəb isə hər kəsə bəllidir, karantin. Xatırlayırsınızsa, ölkəmizdə virusun yayılması səbəbi ilə bir sıra yığıncaq və tədbirlərin keçirilməsi qadağan edildi və mart ayının 15-i Azərbaycanda sonuncu toy oldu. O gündən bu günə toy, bayram üzünə həsrət qalmışıq. Biz heç, bütün planını hazır edib toy gününü gözləyənlər ciddi xəyal qırıqlığı yaşadı. Nə qədər nişanlı, nikaha daxil olub toy gününü böyük həyəcanla gözləyən cütlük vardı. Onlar hələ də gözləyirlər, çünki toyların keçirilməsinə nə vaxt icazə veriləcəyi müəyyən deyil. Belə yazmaqla olmaz deyib, bir cütlüyümüzlə həmsöhbət olub mövcud vəziyyətlə bağlı fikirlərini aldıq.

Hər kəs onlayn toy variantını təklif edir

"Qısaca, belə ifadə edə bilərik ki, özümüzü Balidə təsəvvür edirdik, karantində tapdıq". Bu sözləri 1 martda nikaha daxil olub, 21-23 martda olacaq toya hazırlaşan Şamil və Nigar cütlüyü deyir. Nigar qeyd edir ki, toya hazırlıq həyəcanlı və maraqlı olduğu qədər, həm də ağır bir prosesdir: "Baxmayaraq ki, toyu ən sadə formada etməyi planlaşdırırdıq, yenə də uzun bir iş siyahısı bizi gözləyirdi. Düşündük ki, əsas məsələləri həll edək, toydan sonra digər məsələlərə fokuslanarıq. Hətta, Şamilin dostları "Mentor Talks" tədbirinin baş tutmamağının səbəbi kimi toyu görürdülər, amma onlar da "Əsas dostumuzun xoşbəxtliyidir" deyib səbir edirdilər. Onsuz da bu hazırlıq qısa müddət olacaqdı. Nəticə isə bir qədər fərqli oldu, toya 1 həftə qalmış karantin elan edildi. Məzuniyyət vaxtı arada itdi, bütün hazırlıqlar da yarımçıq qaldı. Xəbər çıxdığı anda gələn mesaj və zənglərin sayı inanılmaz idi. Toyun olmayacağına  nəinki biz, heç kəs inana bilmirdi. Heç ağlımıza gəlməzdi ki, toy 1 aydan uzun müddətə təxirə düşəcək. Hər kəs artıq onlayn toy variantını təklif etməyə başlayıb. Bir də "sizə ikinci şans verilib, yaxşı düşünün" deyənlər var (gülür). İndi ola bilər, kimsə düşünsün ki, nə məcburdur böyük məclis yığılsın, öz aralarında etsinlər. Amma qeyd edim ki, Şamillə heç görüşə bilmirik. Rayonlararası gediş-gəliş qadağan edildiyindən, bir-birimizi görə bilmirdik, o ki qaldı kiçik məclis edək. Digər tərəfdən, istənilən halda hansısa kiçik bir yığıncağa belə icazə verilmir".

Sonxeber.net gencaile.az-a istinadən bildirir ki, Şamil də bu hadisənin mənfi cəhətlərinin çox olduğunu qeyd edir: "İlk olaraq beynimizdə hələ də "toy olmayıb" düşüncəsidir. Bu, sanki bir yük kimi qalır. Üstəlik, nə vaxt olacağı da məlum deyil. Toyla bərabər digər planlar da təxirə düşür və insandan asılı olmayaraq müəyyən narahatlıqlar yaranır. Amma buna baxmayaraq bütün bunları geridə qoyub digər planlara keçmişik. Məsələyə müsbət tərəfdən baxıb heç vaxt unudulmayacaq bir hadisə yaşadığımızı düşünürük. Bizim kimi cütlüklər yəqin ki, çoxdur. Onların hər birinə bolluca səbir arzulayırıq".

Səbirli, təmkinli olmaq

Nigar və Şamil həmsöhbət ola bildiyimiz bir cütlüyümüzdür. Düşünün, yüzlərlə belə cütlüklər var ki, toyları təxirə salındı və bu, onlara həm psixoloji, həm də mənəvi olaraq ciddi təsir etdi. Məsələ ilə bağlı əvvəlcə psixoloqla həmsöhbət oluruq.

Psixoloq Gülnar Orucova deyir ki, elə özü də belə bir hadisənin canlı şahidi olub: "Bildiyimiz kimi martın 15-i son toy oldu və həmin toylardan birində mən də iştirak edirdim. Saat 9-da toy yekunlaşmalı idi. İnanın, həmin an gəlin az qalırdı ağlasın. Yəni düşünün, toyu olan, amma tez bitdiyi üçün bir gəlin bu qədər üzülürsə, toyu uzunmüddətli şəkildə təxirə salınan bəy, gəlin özünü necə hiss edər? Çünki hər bir cütlük toy gününə xüsusi hazırlaşır, müəyyən plan qurur, bütün bunların gerçəkləşəcəyi günü gözləyir. Lakin təxirə salınma olanda istər-istəməz məyus olurlar, depressiyaya düşürlər, sarsıntı yaşayır. Xanımlar emosional olduqları üçün bu hal onlara daha pis təsir edir və bu, tərəflər arasında gərginliyə səbəb ola bilər. Ona görə də, bu dönəmlərdə səbirli, təmkinli olmağı və arzularındakı toyu həyata keçirmələri üçün gözləməyi məsləhət görərdim".

Gözlənilən gün baş tutmur, bu da...

Sosioloq Sahib Altayın sözlərinə görə, toyların təxirə salınması, sadəcə cütlüklərə yox, ümumi olaraq cəmiyyətə təsir edən bir vəziyyətdir: "Toy bizim qədim tarixi ənənələrimizdəndir və azərbaycanlı ailəsində böyüyən hər kəs bu ruhda böyüdülür. İndi də bu ruhda böyüdülən şəxslər bir virusun yayılması səbəbindən toylarını təxirə salmalı oldular. Yəni gözlənilən gün baş tutmur, bu da bəzi problemlərin yaranmasına gətirib çıxardır. Məsələn, nikahı olub dəvətnaməsi paylanılıb toyu baş tutmayanlar, qız toyu olub oğlan toyu təxirə salınanlar var. Bu vəziyyət təkcə cütlüklərə yox, ümumi olaraq cəmiyyətə təsir edən bir vəziyyətdir.  Məsələn, toy yoxdur deyə, restoranların işi tamamilə dayanıb, gözəllik salonları, bərbərxanalarda isə gəlir istənilən səviyyədə deyil. Açığı, mənim də toyum aprelin 17-nə təyin edilmişdi, amma mövcud vəziyyətlə bağlı təxirə salındı. Yəni təcrübəmdən çıxış edib deyə bilərəm ki, gözləməkdən başqa çarə yoxdur".

Dəymiş zərər bərpa ediləcək

Sosioloq da qeyd etdiyi kimi, bu vəziyyət bir sıra sferaya təsir edib. Məsələn, toyların təxirə salınması mebel, bəyaz əşya, elektronika, həmçinin qızıl bazarındakı işləri də zəiflədib.

İqtisadçı Rəşad Həsənov bildirir ki, bu vəziyyət iqtisadiyyatın müəyyən sahələrində dövriyyənin aşağı düşməsinə təsir edib: "Bu danılmaz faktdır ki, toylar iqtisadiyyatın müxtəlif sahələrinə təsir göstərir. Amma mart ayından etibarən karantin tədbirlərinin tətbiq edilməsi ilə toyların keçirilməsi qadağan edilib. Məsələnin müsbət tərəfi ondan ibarətdir ki, bu dönəmin bir hissəsi Ramazan ayına təsadüf etdi. Çünki onsuzda bu ayda kütləvi şəkildə toylar olmurdu. Yəni onsuzda bu dönəmdə restoran biznesi ciddi itki ilə üzləşir. Restoranlarda işləyənlərin əksəriyyəti qeyri-qanuni yolla işə götürülənlərdir ki, onlar heç bir sosial yardım paketindən istifadə edə bilmirlər. Toyların təxirə salınması qızıl və qida sənayesi dövriyyəsinə də istər birbaşa, istər dolayı yolla təsir edib. Digər tərəfdən mebel sahəsində ümumdaxili məhsul istehsalı aşağı düşüb. İaşə sahəsində dövriyyə 1.9% azalıb. Amma bu qeyd edilənlər qeyri-adi deyil, gözlənilən rəqəmlərdir. Ümid edirik ki, karantindən sonra yığılıb qalmış tələb çoxluğu bu dönəmlərdə dəymiş zərəri bərpa edəcək. Hətta, tələbin çoxluğu şadlıq evlərində qiymətlərin artması ilə nəticələnə bilər. Bu da indiki şəraitdə gəlirləri azalmış şəxslərin müəyyən qədər çətinliklə üzləşmələrinə səbəb olacaq".


Etiketlər:  Vağzalı çalınmayınca iflic olan sahələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ