Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 04:32
Elnur Məmmədli: "Sizinlə bərabər çalışan insanlardan fərqlənməyi də bacarmalısınız"
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
599 bal yığaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olur, ödənişsiz əsaslarla təhsil alır. Ancaq 2-ci kursda universiteti yarımçıq qoyub təhsil üçün Kanadaya üz tutur. İstədiyi təhsili alır və sonra bu ölkədə qalıb, çalışır. Müsahibimiz Kanadada "Nude Solutions" şirkətində proqramçı vəzifəsində çalışan azərbaycanlı gənc Elnur Məmmədlidir.
- Elnur, qardaşınızla da müsahibəmiz olmuşdu, o da Azərbaycanda universiteti yarımçıq qoyub xaricdə təhsil üçün getmişdi. O, xaricdə təhsil arzusundan dolayı bunu etmişdi. Sizin bu qərarı verməyinizin səbəbi nə oldu?
- Mən Azərbaycanda beynəlxalq iqtisadi münasibətlərfakültəsində dünya iqtisadiyyatı ixtisası üzrə oxuyurdum. Bir müddət sonra gördüm ki, nə oxuduğum ixtisas mənə maraqlıdır, nə də aldığım təhsil qane edir. Köhnə tədris metodologiyaları və əksər müəllimlərin yanaşması aldığım təhsilə marağımı öldürdü.
Onu da deyim ki, hələ orta məktəb illərindən valideynlərimiz qardaşımla mənə xaricdə təhsili aşılayırdılar. Elə oldu ki, ölkədə qəbul oldum və oxumağa başladım. Ancaq aldığım təhsilin məni qane etmədiyini gördükcəxaricdə təhsil üçün motivasiyam daha da artdı. Ona görə universitetə qəbul olandan bir müddət sonra yalnız və yalnız xaricdə təhsil haqqında düşündüm.Qardaşım məndən bir il əvvəl Kanadaya getmişdi. Mən də ikinci kursda oxuyarkən,2011-ci ildə Kalqari Universitetinə kompüter mühəndisliyi ixtisası üçün müraciət etdim, qəbul oldum. Daha sonraAzərbaycan Gənclərinin Xaric Ölkələrdə Təhsiliüzrə Dövlət Proqramına müraciət etdim və beləliklə, Kanadaya gəldim.
- Dediniz ki, bir müddət sonra oxuduğunuz ixtisas sizin üçün marağını itirib. İqtisadiyyat öz seçiminiz olmamışdı?
-Xeyir, öz seçimim olmuşdu. Amma seçimimi iqtisadiyyatı sevdiyim üçün yox, qəbul imtahanının ikinci qrupunda olan fənnləri sevdiyim və yaxşı oxuduğum üçün etmişdim. İqtisadiyyat da ikinci qrupda idi. Anam müəllimdir, atam da vaxtilə müəllim kimi çalışıb, təbii ki onlarla da fikir mübadiləmiz olurdu. Hətta əslində qardaşım təklif etmişdi ki, birinci qrupa İT ilə bağlı sahəyə yönəlim, amma fizika və kimya məndən uzaq fənnlər idi. İndiki ağlım olsa, o fənləri daha yaxşı oxuyardım (Gülür).
- Kanadaya getməyinizin bir səbəbi aldığınız təhsilin sizi qane etməməyi olub. Sonra aldığınız təhsillə əvvəlkini müqayisə etsək, hansı fərqləri vurğulaya bilərsiniz?
- Həm təhsil sisteminin özündə, həm də tədrisdə çox fərq var idi. Kanadada aldığım təhsildə yenilik daha çox hiss olunurdu.Yeni materiallar, metodologiyalardan istifadə olunurdu. Yaxşı laboratoriyalarımız var idi. Müəllimlər birinci kursda oxuyan bizlərə dördüncü kursda oxuyan tələbələrin düzlətdikləri kompüter oyunlarını, robotları və s. göstərdikdə motivasiyamız yüksəlirdi, öyrənmək daha maraqlı gəlirdi. Hansısa mövzunu öyrəndikdə onu haralarda və necə tətbiq edəcəyimizi vizual nümunələrlə göstərirdilər. Tapşırıqlar və ya proyektlər şablondan uzaq olurdu, azad mövzu üzərində çalışmağı, araşdırma aparmağı tələb edirdi. Bundan başqa, dərs cədvəlini təyin etmək tələbənin öz əlində olurdu, dərs seçimi edərkən də tələbələrə bəzi çərçivələr daxilində azadlıqlar verilirdi.
- Kanadadakı təhsiliniz IT-dir. Bəs bu sahəni seçməyiniz necə oldu?
- 2009-cu ildə universitetə qəbul olanda, ilk dəfə mənə smartfon aldılar. Ondan əvvəl də telefonum var idi, ancaq o, zəng gəlib, zəng gedənlərdən idi. Smartfon işlətməyə başlayanda, bir çox gənc kimi telefona maraqlı proqramlar, oyunlar yazmağa çalışırdım. Sonra istədim ki, telefonun mühafizə sistemini sındırıb pullu proqramları pulsuz yazım və s. Belə-belə yerli texnologiya forumları və saytlarına maraq göstərdim, orda aktiv şəkildə iştirak etdim. Bu dövrdə kompüterlə daha çox vaxt keçirməyə başladım. Bu proses birinci kursda oxuyanda olub. Elə həmin vaxt universitetdə proqramlaşdırma ilə bağlı bir aylıq kursa yazıldım. Kursda proqramlaşdırma ilə bağlı sadə biliklər öyrədilsə də, hiss etdim ki, buna marağım daha çoxdur. Artıq ətrafda hər kəsin telefon və kompüterlə bağlı nə problemi, sualı olsa, mənə müraciət edirdi. Müəyyən şeyləri öyrəndiyim üçün problemlərini həll edirdim. Xaricdə təhsillə bağlı da seçim edəndə, artıq bilirdim ki, marağım IT-yədir və bu istiqamətə də yönəldim.
- Kanadada işləməyə nə vaxt başladınız? İş tapmaq prosesi necə oldu?
- Sonuncu kursdan əvvəl - 2015-ci ilin avqust-sentyabr aylarında şirkətlərə müraciət etməyə başladım. 2016-cı ilin əvvəlində iş tapa bildim. Birinci işi tapmaq vaxt alır və çətin olur. Düzdür, burada işçiyə tələbat var, ancaq bu, daha çox təcrübəsi olan şəxslər üçün keçərlidir. Universiteti yeni bitirənlər üçün iş az olur. Gəlmə tələbə olmanın mənfi tərəfləri də var. Şirkətlər eyni səviyyəli yerli və əcnəbi tələbə arasında seçim etməli olarsa, birincini götürür. Digər tərəfdən, şirkətlər gəlmə tələbələrin hər an çıxıb ölkələrinə gedə bilmə ehtimalından çəkinirlər.Ona görəbeynəlxalq tələbəolaraq iş axtarmaq çox da asan deyil.
Eyni zamanda, universiteti yeni bitirən gənc işə müraciət edəndə, sual verirlər ki, eyni ixtisasdan səninlə bərabər neçə nəfər məzun olub? Deyəcəksən ki, 80 nəfər. Sənin dediyin rəqəm artıq nə qədər rəqabət olduğunu göstərir. Sən onlara özünü satmalısan. Bunlarla bağlı mən tələbə vaxtından araşdırma aparırdım. 3-cü kursa başladığımda düşündüm ki,mən özüm işəgötürən olsam, özümü işə götürərdim? Bu suala cavabım həmişə "yox" olurdu. Bunu sındırmalı və üzərimdə işləməliydim. Gördüm ki, təkcə təhsil kifayət deyil. Universitetdə öyrəndiklərimi təcrübədə tətbiq etməliyəm. Hansısa bir şirkətdə çalışmasam belə, öz şəxsi layihələrim olar bilər, hər hansısa ideyanı proqramlaşdıra bilərəm, bu, websayt, mobil app ola bilər və s.Həttə bəzənkiçik məvacib qarşılığında da müxtəlif işlər götürüb evdən işləyirdim. Daha sonra şirkətlərə iş üçün müraciət edəndə, digər 80 tələbədən fərqimi soruşanda haqqında danışmağa nəsə təcrübəm olsun deyə, bunları edirdim. Bundan əlavə, yeni texnologiyaları və proqramlaşdırma dillərini də araşdırıb öyrənirdim. Nə qədər hazırlaşsam da, iş tapmağım 5 ay çəkdi. Yerlibir şirkətdə işə başladım. Tələbə idim deyə, yarım gün işləyirdim. Universiteti başa vurandan sonra tam ştata keçdim.
- Sonra necə davam etdi?
- Qeyd etdiyim işdən əvvəl başqa bir şirkətə də müraciət etmişdim. CV-im onlarda qalmışdı. Özləri əlaqə saxlayıb dedilər ki, əvvəllər bizə müraciət etmisən, hazırda belə bir pozisiya var. Proqram təminatı yazan şirkət idi. Növbəti iş yerim ora oldu, 1 il 7 ay sonra artıq bu iş də mənə maraqsız gəldi. Çünki şirkətdə öyrənə biləcəyim nə isə qalmamışdı.İki şirkətə müraciət etdim. Birindən iş təklifi aldım, ikincisi də demək olar ki təklif etmək istəyirdi. Ancaq seçimin "Groundswell Group" oldu. Kalqaridə data elmləri sahəsində sayılıb-seçilən şirkətlərdəndir.1 il 7 ay da orda işlədim, həmin müddətdə şirkətdə aparıcı proqramçı vəzifəsinə qədər gəlmişdim. İşimdə xoşbəxt idim və dəyişmək fikrim yox idi. Bu zamanlarda həftədə 2-3 dəfə başqa şirkətlərin İnsan Resursları mütəxəssisləri iş üçün yazsalar da, istəmirdim. Çünki olduğum işdə yaxşı yerə çatmışdım, menecerlə münasibətim çox yaxşı idi. Lakin bir gün "LinkedIn" şəbəkəsi üzərindən bir İnsan Resursları mütəxəssisindən mesaj gəldi və bu "ExxonMobil"də iş ilə bağlı idi. Düzü,təklif cəlbedici oldu və "hə" dedim. Aparıcı proqramçı olaraq işləməyə başladım.
- Bir il tamam olmamış "ExxonMobil"dən niyə ayrıldınız?
- Mən orda müqavilə ilə işə başladım. Bu ilin avqustunda müqaviləm bir, ya iki il uzadılacaqdı.Çünki mən yeni bir layihəyə aparıcı proqramçı təyin olunmuşdum və onun da 2 il davam etməsi gözlənilirdi. Ancaq COVİD-19 pandemiyası neft şirkətlərinə mənfi təsir göstərdi. Neftin qiyməti kəskin düşdü. Şirkətlərdə kütləvi ixtisarlar oldu. Bizim şirkətdə də müqavilə ilə çalışan işçilərin 90 faizi çıxarıldı. Mən də o siyahıda idim. Aprelin 15-i işdən çıxdım. Bir aya yaxın müddətdə artıq yeni işə başladım. Daha tez ola bilərdi, ancaq pandemiya ilə bağlı şirkətlərdə proseslər bəzən uzana bilir. "Nude Solutions" sığorta şirkətindən təklif aldım və indi burda işləyirəm.Şirkətlər qrupunun bir qoludur. Bura keçdikdən sonra əvvəl baş vurduğum digər şirkətlərdən müsahibələrin növbəti mərhələlərinə çağırıldım, başqa bir şirkətdən də təklif gəldi, qəbul etmədim.
- "ExxonMobil" kimi nəhəng neft şirkətində 9 aylıq iş müddəti necə yadınızda qaldı?
- Nəhəng bir şirkətdir. Orda çalışanda, elə bilirsən ki, bir dövlət tərkibində işləyirsən. Həddindən artıq şöbələri, dünyanın hər yerində ofisləri var. Hər gün dünyanın müxtəlif ölkələrindəki ofisləri ilə video görüşlərimiz olurdu.
Mən işlədiyim şöbə 3 il idi ki, yaradılmışdı. Layihədə aparıcı proqramçı kimi çalışırdım. Bizim layihə şöbənin tarixində ilk dəfə idi ki, verilən tarix çərçivəsində bitirilirdi. Adətən, çatdıra bilmirmişlər, yaxud nələrisə gecikdiriblər. Bizdə gecikmə və düzgün təhvil verilməyən nəsə olmamışdı. Bizim şöbədə proqramçıların çoxu müqavilə ilə işləyənlər idi. Müqavilə ilə işləyənlər layihə bitəndə, şirkətdən ayrılanda, əgər növbəti layihədə çağrılma ehtimalı varsa, deyirdilər ki, layihə olanda, çağrılacaqsınız.Müdir dedi ki, vəziyyət düzəlsin, müqavilə ilə işləyən proqramçıları geri çağırmaq istəyirik. Və sən siyahımda bir nömrəsən. Bunu ilk dəfə kiməsə dediyini bildirdi. Bu, mənim üçün fəxr idi. 38 həftə ərzindəkomanda olaraq gördüyümüziş nəticəsində belə fikir söyləmişdi.Təbii ki,tapşırıqları vaxtında və qaydasında təhvil vermək üçün bəzən artıq işləməli olurduq. Ümumiyyətlə, üzərimə götürdüyüm işdə əskiklik olmaması üçün əlimdən gələni edirəm. Nəticədə bir müddət sonra proqramda problem yaransa, "bu kodu kim yazıb?" sualı ortaya çıxır və mənim imzam da oralardadır. Çünki adətən özüm də hər hansı bir saytdan və ya proqramdan şikəyətlənəndə, hədəfim proqramçı olur (Gülür).
- Qardaşınızla bir yerdə Kanadada startap üzərində işləyirsiniz. Sahələriniz fərqlidir, maraqlıdır, startap nə ilə bağlıdır?
- Sahələrimiz fərqli olsa da, gücümüzü birləşdirməyi bacarırıq. Tam olaraq fəaliyyətə başlamadığı üçün proyekt haqda çox məlumat verə bilmirəm. SaaS yönlü online platformadır. Texnologiya tərəfi mənim üzərimdədir, qalan məsələlər isə qardaşımın başı çıxan işlərdir.
- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?
- Şəxsən özümü uğurlu saymıram və nə vaxtsa belə bir fikirdə olacağımı da düşünmürəm. Uğurluyam desəm, düşünürəm ki, inkişaf etmək həvəsimi öldürə bilərəm. Çünki hələ yol çox uzundur, durmaq niyətim də yoxdur. Bir neçə il, yaxud ay əvvəl mənim üçün uğurlu sayıla biləcək şeylər indi bəsit gəlir. Bu gün uğurlu görünən məqamlar da bir müddət sonra sadə gələcək.
Kanadada 6 şirkətdə çalışmışam, heç birində diplomumu soruşmayıblar. Təhsil önəmlidir, ancaq təkcə təhsillə iş bitmir. Öz üzərində işləməlisən.
Nə isə əldə etməkdən söhbət gedirsə, əsas olan var gücünlə çalışmaq, sevdiyin işi görməkdir. Sizinlə bərabər çalışan insanlardan fərqlənməyi də bacarmalısınız, bunun üçün də daim yeniliklərə açıq olmaq lazımdır. Düşünürəm ki, bu zaman uğur özü gəlib sizi tapar.