Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 21:06
Mühazirəni musiqişünas, professor Nailə Rəhimbəyli təqdim edib.
Azərbaycan musiqi tariximizin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkarlardan biri də xalq arasında Şəkili Ələsgər adı ilə şöhrət qazanmış Ələsgər Abdullayev olmuşdur. Yaşadığı dövrdə onun şöhrəti Azərbaycandan uzaqlara da yayılmış, İranda, Türkiyədə, Orta Asiyanın bir çox şəhərlərində verdiyi konsert proqramları dillərə dastan olmuşdur.
Ələsgər Abdullayev 1866-cı ildə Şəki şəhərində anadan olmuşdur. Uşaqlıqdan xalq musiqisinə böyük marağı olsa da, kasıb valideynlərinə kömək məqsədilə gənc yaşlarında bənna köməkçisi işləmişdir.
Xanəndə Keştazlı Həşimlə təsadüfi görüş Ələsgərin həyatında dönüş yaratmış və onun köməyi ilə məclislərə, toy şənliklərinə yol tapmış, zil və məlahətli səsi, muğamatı mükəmməl bilməsi ilə müasirlərinin etimadını qazanmağa müvəffəq olmuşdur. Cabbar Qaryağdı oğlunun yazdığına görə, Ələsgər Bakıya gələnə qədər Keştazlı Həşimdən "Bayatı-Şiraz" və "Segah" muğamlarını mükəmməl öyrənmişdi.
Şəkili Ələsgər artıq görkəmli xanəndə olaraq 1912-1918-ci illərdə dəfələrlə Orta Asiyanın, İran və Türkiyənin bir çox şəhərlərində konsert proqramları ilə çıxış etmiş, tamaşaçıların böyük rəğbətini qazanmışdır. Təsadüfi deyildir ki, o, İran məclislərinin birində gözəl ifaçılıq qabiliyyətinə görə Şah onu qızıl, medalla təltif edib. Görkəmli sənətkar 1929-cu il aprel ayının 1-də Bakıda vəfat etmişdir.
Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.