Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İlk maaşıma restoranda banket təşkil etdim'' - Keçmişdəki mən - FOTO

''İlk maaşıma restoranda banket təşkil etdim'' - Keçmişdəki mən - FOTO

Tarix: 15 Iyun 2020 23:48

Azad İsazadə: "Xoşbəxt bir uşaq olmuşam"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

"Uşaqlıq illərim şən və qayğısız keçib. Ailəmiz böyük idi. Bəzən xalalar, bibilər, dayılar, onların uşaqları bir evə yığışar, mahnı oxuyar, rəqs edərdik. Bəzən də həyətdə uşaqlarla futbol oynamaqdan şalvarımın dizləri cırılardı. Bütün bunlarla yanaşı, kitab oxumağı da çox sevirdim. Yatmazdan əvvəl, hətta yemək yeyəndə belə, kitab oxuyurdum". Bu sözləri bizimlə söhbətində tanınmış psixiatr Azad İsazadə söylədi. Onunla müsahibəmizdə psixoloqun keçmişinə işıq saldıq.
 
Ən kiçik nəvə
 
1958-ci ildə Bakıda, ziyalı ailəsində dünyaya gələn müsahibim deyir ki, uşaqlıq illəri elə Bakıda keçib: "Atam və anam alim idi. Hər ikisi Azərbaycanın Milli  Elmlər Akademiyasında çalışırdı. Mənim uşaqlıq illərim "Baksovet" adlanan ərazidə, indiki İçərişəhərdə keçib. 1995-ci ilə qədər orada yaşamışam. Mənim uşaqlıq illərim Sovet dövrünün ən dinc illərinə 60-cı illərə təsadüf edib. Xoşbəxt bir uşaq olmuşam. Ailəmiz böyük idi. Dayılarım, xalalarım, bibilərim həmişə bir yerə yığışardıq. Uşaqlar bir-biri ilə oynayar, böyüklər söhbət edərdi. Qohumlarımızın arasında musiqiçilər də var idi. Atam özü də musiqişünas idi. Pianinoda ifa edər, mahnı oxuyar, rəqs edərdik. Yay fəsli isə Abşerondakı bağımızda nənəmgildə keçirirdim. Nəvələrin arasında ən kiçik uşaq mən idim deyə, nənəm məni hamıdan tez bağa aparırdı. Mayın axırından sentyabra qədər orada qalırdım. Nənəm nazımla çox oynayırdı".

Uşaqlıqdan eynək taxmalı oldum
 
Müsahibim deyir ki, dəcəl uşaq olmayıb. Amma məhəllədə dava etdiyi günlər də olub: "Dəcəl uşaq deyildim, amma hər bir oğlan uşağı kimi mənim də nadinclik etdiyim vaxtlar olub. Həyətdə futbol oynayardıq. Bəzən futbol oynamaqdan şalvarım cırılırdı. Hətta bir-iki dəfə əlimi sındırmışam. Dava etdiyim vaxtlar da olub. Bununla yanaşı, kitab oxumağı çox sevirdim. Elə buna görə də uşaqlıqdan eynək taxmalı oldum. Hətta çörək yeyəndə də kitab oxuyurdum. Kitabın səhifələrini çevirməkdən zövq alırdım".
 
Dərsdən qaçıb filmə baxmağa gedirdik 
 
Deyir ki, müəllimlərini incidən şagirdlərdən olmayıb: "Orta təhsilimi 134 nömrəli məktəbdə almışam. Ortabab oxuyan şagird idim. Qiymətlərim dörd-beş olurdu. Dərsdən qaçdığım vaxtlar çox olub. Müəllimlərimi incitməmişəm. Xaraktercə zarafatcıl olduğum üçün bəzən müəllimlərimlə zarafat edirdim. Məktəbimizin yaxınlığında çoxlu kinoteatrlar var idi. "Azərbaycan", "Vətən", "Araz" kinoteatrlarında səhər seansları çox olurdu. Hərdən ikinci dərsdən qaçıb filmə baxmağa gedirdik. Məktəbi bitirdikdən sonra Tibb İnstitutuna qəbul oldum".
 
Həmsöhbətim deyir ki, universitetin birinci semestrində oxuyanda məktəb üçün çox darıxırmış: "Tələbəlik həyatına bir müddət sonra alışmağa başladım. Aktiv tələbə idim. Bir müddət ictimai işlərlə məşğul oldum. O vaxtı diskoteka təzə dəbə düşmüşdü. İnstitut daxilində disko-klub açdıq. Dostlarımız estrada ansamblı təşkil etmişdi. Tibb İnstitutunda oxumaq o vaxt da çətin idi. Anatomiya, biokimya kafedralarının dərsləri çox çətin olurdu. Hətta az qala anatomiya imtahanından kəsilirdim. Birtəhər də olsa, 3 ala bildim. Məncə, anatomiyanı pis bilmirəm".
 
Azad müəllim deyir ki, üçüncü kursda oxuyanda, psixiatriyaya marağı yaranıb: "Oğlanların əksəriyyəti cərrah olmaq istəyirdi, qızlar isə ginekoloq. Cərrah təyinatı almaq çox çətin idi. O vaxtı akademik Mustafa Topçubaşovun atamla münasibəti yaxşı idi. Təklif etmişdi ki, gedib keçmiş tələbələrinin yanında təcrübə keçim. Hansı ki, o tələbələr artıq cərrah idi. Amma cərrahiyəyə marağım olmadı. Üçüncü kursdan qərar verdim ki, psixiatriya ilə məşğul olacam. 6 illik təhsili bitirdikdən sonra internatura var idi. Mən internaturada bu sahəni dərindən öyrəndim. Uzun müddət psixiatrik xəstəxanalarda işləmişəm. Sumqayıtda işləyərkən psixoloji təsirlər məni çox maraqlandırırdı. Moskvada psixoterapiya və tibbi-psixologiya təkmilləşdirmə kurslarına qatıldım. Beləcə tibbi psixologiyaya meyillənməyə başladım".

25 rubl pulum qalmışdı 
 
İlk gəlirini tələbəlik illərində qazanıb: "Sovet dövründə tələbə inşaat dəstələri var idi. Birinci kursdan sonra tələbələr pambıq, üzüm yığımına gedirdi. Birinci kursu bitirəndə, rayonlardan birinə getmişdim. Bu, o qədər də maraqlı gəlmədi. Dördüncü kursu bitirəndə, bizə həkim kimi getməyi təklif etdilər. Mən Politexnik İnstitutunun dəstəsi ilə birlikdə Rusiyaya getdim. Orada bir idarə var idi. İşçilər dəmir yol tikintisi ilə məşğul idi. İki ay orada həkim kimi çalışdım. Eyni zamanda briqadada dəmir yolu tikintisində də iştirak etdim. O vaxtı ümumi olaraq mənə 500 rubl maaş vermişdilər. Bu, o dövrdə tələbə üçün böyük pul idi. Biz oradan avqustun sonları qayıtdıq. Avqustun 28-i isə mənim ad günüm idi. Həmin gün qatar Moskvaya çatırdı. Bütün gün Moskvada gəzib Bakıya qayıtmalı idik. Bütün dəstənin üzvlərini mən qonaq etdim. Restoranda banket təşkil etdim. Yeyib-içib, gəzəndən sonra Bakıya qayıtdıq. Moskvadan evdəkilərə hədiyyə, bahalı suvenirlər almışdım. Qayıdanda cibimdə 25 rubl pul qalmışdı". 
 
Hərbi qulluğumu kapitan rütbəsində bitirdim
 
Həmsöhbətim Tibb İnstitutunda oxuduğuna görə hərbi xidmətə getməyib: "Amma hərbi kafedrada bizi hərbi həkim kimi hazırlayırdılar. İnstitutu bitirdikdən sonra Astarada bir aylıq zabitlik kursu keçdim. Bizə leytenant rütbəsi verildi. Moskvada keçdiyim kursda isə baş leytenant rütbəsi aldım. 1992-ci ildə könüllü olaraq Müdafiə Nazirliyinə müraciət etdim. Qarabağ müharibəsi ərəfəsində kapitan rütbəsi aldım. Qarabağ döyüşlərində iştirak etmişəm. Hətta döyüşlərin birində yaralandım. Hərbi qulluğumu 1995-ci ildə kapitan rütbəsində bitirdim. O dövrdə bir layihə çərçivəsində İngiltərəyə hərbi psixologiya ilə bağlı elmi iş yazmağa getdim. O dövrə qədər psixologiya ilə maraqlanırdım. Həkim kimi məşğul olmurdum. Rəsmi olaraq psixologiya üzrə elmi işimi yazdıqdan sonra psixologiya ilə məşğul olmağa başladım".

A.İsazadə ilk sevgisindən də danışdı: "Sözsüz ki, ilk sevgi hər insanın həyatında olur. İllər keçəndən sonra başa düşürsən ki, bu sevgi yox, istək imiş. Mənim həyatımda əsl sevgi ikinci dəfə gəldi. Həmin insanla da ailə həyatı qurdum. İki övladım - bir qızım, bir oğlum var. Tanrı mənə qızımdan oğul, oğlumdan qız nəvəsi verib. Çalışmışam ki, hər iki övladıma sərbəstlik verim. Düzdür, bunu nə dərəcədə alındığını deyə bilmərəm. Ancaq həyati əhəmiyyətli qərarları özlərinin verməyini istəmişəm. Qadağa yox məsləhət vermişəm. Məsləhəti isə müdaxilə etmədən verməyə çalışmışam. Çünki övladlarımız olsa belə, onların həyati vacib qərarlarını özlərinə həvalə etməliyik. Biz valideynlər övladlarımızın verəcəyi qərarların yaxşı və pis tərəflərinə güzgü tuta bilərik. Amma onlar özləri də hər zaman mənimlə məsləhətləşiblər. Heç vaxt sözümü yerə salmayıblar. Həyat yoldaşım və mən həmişə övladlarımızla müzakirə aparmışıq. Sözsüz ki, bütün ailələrdə olduğu kimi bizim də çətin günlərimiz olub. Şükür ki, bu problemləri həll edə bilirik".
 
Öz bildiyimiz hər zaman doğru olmaya bilər
 
Sonda müsahibim gənclərə məsləhətini də verdi: "Yəqin ki, bu deyəcəklərim təkcə gənclərə aid deyil, amma xüsusi olaraq gənclər üçün daha çox vacibdir. Gənclik insanın qanının qaynayan vaxtıdır. Bəzən səbirsiz davrana bilirik. Tövsiyə edərdim ki, gənclər dinləməyi bacarsınlar. Bəzən sonacan dinləməyə səbrimiz çatmır. Bizə elə gəlir ki, eşitdik və hər şeyi başa düşdük. Amma əks tərəf bəzən öz fikrini tam açıqlaya bilmir. İnsan üçün ən vacib olan qarşı tərəfi dinləməkdir. Öz bildiyimiz hər zaman doğru olmaya bilər".


Etiketlər:  İlk maaşıma restoranda banket təşkil etdim Keçmişdəki mən FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ