Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyadan "elmi irəliləyiş"- koronavirusdan ölüm hallarının azaldılmasına nail olundu

Britaniyadan

Tarix: 17 Iyun 2020 06:30

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniyanın "RECOVERY" kliniki tədqiqatının nəticələrini "elmi irəliləyiş" adlandırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-ün rəsmi nümayəndəsi Fadela Şaibin bəyanatında deyilir.

Bəyanatda həmçinin təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusunda ifadələri yer alıb: "Bu, COVID-19 xəstələri arasında ölüm hallarının azalmasını nümayiş etdirən ilk müalicədir. Bu, gözəl xəbərdir və mən Böyük Britaniya hökumətini, Oksford Universitetini və insanların həyatının xilas edilməsinə yönəlmiş elmi irəliləyişə töhfə verən ölkənin bir çox xəstəxanasını və xəstələrini təbrik edirəm".

Tədqiqata rəhbərlik edən Oksford Universitetinin professoru Piter Horbinin sözlərinə görə, deksametazon dərmanı COVİD-19 xəstələri arasında ölüm hallarının azalmasını nümayiş etdirən ilk dərmandır. P.Horbi hesab edir ki, dərman dərhal dünyada koronavirus infeksiyasının müalicəsində istifadə olunan protokollara daxil edilməlidir.

Qeyd edək ki, mart ayından keçirilən tədqiqatda Böyük Britaniyanın 175 xəstəxanasından 11,5 min xəstə iştirak edir. Genişmiqyaslı elmi layihənin məqsədi yeni növ koronavirusa yoluxanların müalicə metodlarının effektivliyini öyrənməkdir. Tədqiqatın 2,1 min iştirakçısı deksametazon qəbul edib, lakin eyni zamanda Lopinavir/Ritonavir antiretrovirus dərmanının, azitromitsin antibiotikinin, totsilizumab immunodepresantının, COVİD-19-dan sağalan insanların plazmasının xəstələrə köçürülməsi üsulunun, həmçinin anti-malyariyal hidroksiklorokin dərmanının effektivliyi də yoxlanılıb.

Alimlər hidroksiklorokinin ölüm hallarının azalmasına kömək etmədiyini, sağalma prosesini sürətləndirmədiyini və xəstələrin vəziyyətinə müsbət təsir göstərmədiyini müəyyən ediblər. Lakin gün ərzində 6 mq deksametazonun istifadəsi süni tənəffüs cihazlarına bağlı xəstələr və oksigen terapiyası alan xəstələr arasında ölüm hallarının azalmasına səbəb olub. Respirator dəstəyə ehtiyac duymayan xəstələr arasında dərmanın heç bir təsiri aşkarlanmayıb.


Etiketlər:  Britaniyadan elmi irəliləyiş koronavirusdan ölüm hallarının azaldılmasına nail olundu


RƏYLƏR