Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 11:40
Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorizmlə mübarizə çərçivəsində “Pəncə-Pələng” əməliyyatına başlayıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində deyilir.
Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Haftanin bölgəsində “Pəncə-Pələng” adı altında növbəti əməliyyata başlandığını və Hərbi Hava Qüvvələri, atəş dəstəyi maşınları, ATAK hərbi helikopterləri, sadə və döyüş PUA-larının dəstəyi ilə xüsusi təyinatlıların bölgəyə daxil olduğunu bəyan edib.
“Xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təhdid edən PKK ve digər terror ünsürlərini zərərsizləşdirmək məqsədilə xüsusi təyinatlılarımız Hərbi Hava Qüvvələri, atəş dəstəyi maşınları, ATAK hərbi helikopterləri, sadə və döyüş PUA-larının dəstəyi ilə hava hücumu əməliyyatı ilə bölgəyə daxil olub”, - deyə məlumatda bildirilir.
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar ilə Baş Qərargah Rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Ümid Dündar, Hərbi Hava Qüvvələri komandanı Həsən Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal “Pəncə-Pələng” əməliyyatının gedişini Hərbi Hava Qüvvələrinin Əməliyyat Mərkəzindən izləyir və idarə edir.
Milli Müdafiə Nazirliyi əməliyyatın planlı şəkildə uğurla davam etdiyini vurğulayıb.