Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 16:20
Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilmişdir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirmiş, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmişdir. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürmüş, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılmışdır.
Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış etmişdir.
İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilmiş, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar vermişdir.
Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin