Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deksametazonla bağlı xəbərdarlıq

Deksametazonla bağlı xəbərdarlıq

Tarix: 18 Iyun 2020 19:48

İngiltərədə iltihab əleyhinə steroid olan deksametazonun koronavirus infeksiyasının müalicəsi üçün istifadə olunmağa başlaması ölkəmizdə bu preparata olan marağı artırıb. Hətta sosial şəbəkələrdə artıq bir çox aptekdə preparatın bu məqsədlə alındığı da bildirilir. 

Sonxeber.net xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl məsələylə bağlı qafqazinfo-ya açıqlamasında bildirib ki, deksametazon çox diqqətlə istifadə edilməsi gərəkən universal bir hormonal preparatdır:

"Bu dərmanı sadəcə müəyyən həkim qrupları təyin və daha sonra təqib edə bilər. Şəxsən mən uroloq olaraq, deksametazonu çox rahatlıqla təyin edib təqib etməyi o qədər də yaxşı bacarmıram. Həmişə deksametazon təyin edilən xəstələrlə bağlı başqa həkim yoldaşlarım, xüsusilə də endekrinoloq və ya digər terapevtlərlə məsləhətləşirəm. Preparatın kütləvi şəkildə və həkim təyinatı olmadan istifadə  edilməsi çox vacib problemlərə səbəb ola bilər. Bu, qətiyyən reseptsiz istifadə olunacaq dərman deyil".

Məlumat üçün bildirək ki, Rusiya Səhiyyə Federasiyası Ekspert Şurasının sədri Vitali Omelyanovski də bu hormonal dərmanın güclü yan təsirlərə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, Oksford Universitetində aparılan klinik araşdırmalarla sübuta yetirilib ki, preparat vəziyyəti ağır olan koronavirus xəstələrində ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Deksametazon preparatının ilkin sınaqlarında ağır koronavirus xəstəsi olan 2104 könüllü iştirak edib. Onlara 10 gün ərzində gündəlik altı milliqramlıq doza verilib. Təcrübənin sonunda onların vəziyyəti şərti antiviral terapiya alan digər 4 300 xəstənin vəziyyəti ilə müqayisə edilib.

Məlum olub ki, deksametazon süni tənəffüs aparatına qoşulan xəstələrdə ölüm riskini 35% azalda bilib. Eyni zamanda, oksigen müalicəsi alan digər koronavirus xəstələri arasında isə ölüm riski 20% azalıb. Bununla yanaşı, elm adamlarının fikrincə, bu dərmanın kütləvi istifadəsinə daha əvvəl başlanılsa idi, İngiltərədə təxminən 5 min insanın həyatını xilas etmək mümkün olardı.

Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı da tədqiqat nəticələrini artıq "elmi irəliləyiş" adlandırıb.


Etiketlər:  Deksametazonla bağlı xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ