Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 17:57
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında parlamentdə həyata keçirilən islahatlar və yeniliklər deputatlar tərəfindən təqdir edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iclasda çıxış edən millət vəkili Arzu Nağıyev Milli Məclisin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, bu sahədə atılan addımların əhəmiyyətini qeyd edərək iyun ayında spiker Sahibə Qafarovanın təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirildiyini xatırladıb.
A.Nağıyev bu videokonfransın beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və nümayəndə heyətləri arasında işlərin daha yaxşı qurulması üçün hərtərəfli fikir mübadiləsinin aparılması ilə yadda qaldığını söyləyib.
Millət vəkili digər mühüm bir məsələ, Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşləri haqqında da danışıb:
"Videokonfrans formatında baş tutan görüş beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması üçün hərtərəfli fikir mübadiləsi ilə yaddaqalan oldu.
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze arasında görüş keçirildi. Bundan başqa Türkiyə, Niderland, Braziliya, İspaniya va digər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, digər beynəlxalq qurumların da görüşlərinin mühümlüyünü qeyd etmək istərdim".
Eyni zamanda, Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn videokonfrans keçiriblər.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarovanın salamları Türkiyənin millət vəkillərinə çatdırılıb. Bildirilib ki, bu görüş hər iki ölkənin parlament rəhbərlərinin təşəbbüsü və arzusu ilə təşkil olunub. Sonra Əhliman Əmiraslanov hazırda dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verib və Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlərdən danışıb.
Videokonfransda Türkiyə Böyük Millət Məclisinin Azarbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki dövlət, bir millət olan ölkələrimizin və xalqlarımızın qardaşlığından söz açıb. TBMM-in sədri Mustafa Şentopun Azərbaycan parlamentinin sədri Sahibə Qafarovaya və Milli Məclisin bütün üzvlərinə salamlar ünvanladığını bildirib. Pandemiya dövründə, böhran vəziyyətində belə bir-birindən dəstəyini əsirgəməyən Türkiyə və Azərbaycanın dostluğunun sarsılmaz olduğunu vurğulayıb. Şamil Ayrım da öz növbəsində parlamentlərarası əlaqələrimizn daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək yubiley günündə Azərbaycanın "Dostluq" ordeni ilə təltif olunduğunu bildirib. Üzvlər qanunvericilik sahəsində qarşılıqlı təcrübə mubadiləsinin əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq daha da inkişaf etməlidir. Eyni zamanda iyunun 11-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı da qəbul edib və Azərbaycan-Türkiyə əlaqələrinin bu gün yüksək səviyyədə olduğunu bildirib. Dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrimizin inkişafı bu sahəyə öz müsbət təsirini göstərir".
A.Nağıyev vurğulayıb ki, Milli Məclisin ölkədaxili işlərlə bərabər, beynəlxalq əməkdaşlıq istiqamətində də atdığı bu addımlar böyük əhəmiyyət kəsb edir və təqdirəlayiqdir.
Milli Məclisin deputatı Aydın Hüseynov isə Milli Məclisin iclaslarında tətbiq edilən digər yeniliyi vurğulayıb. O, qeyd edib ki, komitə üzvlərinin də qanun layihələrinin təqdimatında iştirak etməsi çox müsbət haldır. Bu, həm qanunu təqdim edən komitə üzvlərinin fəallığının təşviq olunmasına xidmət edir, həm də deputatların daha geniş auditoriya tərəfindən tanınmasına imkan verir.
Milli Məclisin deputatı Razi Nurullayev də çıxışında altıncı çağırış Milli Məclisin fəaliyyətində yeniliklərdən bəhs edib. O, Milli Məclis iclaslarının aparılması, bütün deputatlara öz sözlərini demək üçün şərait yaradılması, parlamentin ictimai nüfuzunun artırılması istiqamətində görülən işlərə görə Milli Məclis sədrinə minnətdarlıq edib.