Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 15:06
İsmayıllı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Canpolad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, Canpolad Hüseynov bibisi oğlu Hikmət Feyzullayevlə birlikdə rayonun Topçu kəndində toy mərasimində iştirak edib.
Hikmət Feyzullayev həmin toy məclisindən çıxdıqdan sonra rayonun Buynuz kəndində çayxanaya gəlib. O, çayçaxanda dostları - Royal Vəliyev və Əlvan İsmayılovla birlikdə çay içib.
Bu zaman həmin çayxanaya gələn Canpolad Hüseynov Hikmət Feyzullayevə Röyalın axmaq adam olduğunu deyib, onu nə uçun yanında çayxanaya gətirdiyini soruşaraq irad tutub. Bu sözləri qəbul etməyən Hikmət çayxananın həyətində Canpolada "peysər" deyib, sonra maşınına əyləşərək gedib.
Evinə qayıdan Canpolad Hüseynov Hikmət Feyzullayevin mobil telefon nömrəsinə zəng edib, onu yaşadıqları həyət qapısının qarşısında küçədə gözlədiyini bildirib.
Hikmət Feyzullayev, Röyal Vəliyev və Əlvan İsmayılovla birlikdə özünə məxsus "Opel" markalı avtomaşınla Canpolad Hüseynovun yanına gəlib. Hikmət Feyzullayev maşının sağ qabaq oturacağından düşüb.
Bu vaxt Canpolad Hüseynov çayxananın həyətində Hikmət Feyzullayevin "sən peysərsən" deməsini ləyaqətini alçaldan söz kimi qiymətləndirib. Daha sonra qanunsuz olaraq əldə etdiyi bıçaqla Hikmət Feyzullayevə bir neçə xəsarət yetirib. Hikmət Feyzullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Canpolad Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Canpolad Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Canpolad Hüseynov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Canpolad Hüseynovun apelyasiya şikayəti təmin olunub. Onun cəzası 11 il 6 aya endirilib. Bu qərardan narazı qalan Canpolad Hüseynov barəsində daha yüngül cəzanın təyin olunması barədə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini təmin etməyib.