Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messengerlər mobil operatorları “çökdürdü” — Dəyən ziyanın miqdarı nə qədərdir?

Messengerlər mobil operatorları “çökdürdü” — Dəyən ziyanın miqdarı nə qədərdir?

Tarix: 20 Iyun 2020 23:56

Son dəfə nə vaxt SMS, yaxud MMS göndərməyiniz yadınızdadır? Hazırk; dövrdə əksər hallarda mobil operator və ya bank ilə əlaqə saxladıqda SMS-dən istifadə edirik. MMS-i isə ümumiyyətlə xatırlamırıq...

Statistikaya görə, SMS-lər 50%, telefon danışıqları isə 30% azalıb. Bu vəziyyətin səbəbi nədir?

Səbəb nədədir?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, mesaj tətbiqləri (messengerlər) uzun müddətdir ki, rahatlığı və ucuzluğu ilə SMS xidmətini "sıxışdırır". Ölkəmizdə populyar olan WhatsApp tətbiqindən Yer üzündə yaşayan insanların təxmini 1/3 hissəsi istifadə edir.

Cari ilin fevral ayının məlumatına əsasən, WhatsApp istifadəçilərinin sayı 2 milyardı keçib. Tətbiqin yaranma tarixi 2009-cu ilə aid edilir, populyarlaşması isə 2015-ci ildə, Feysbukun tabeliyi altına keçməsindən sonra başladı.

Həmin ildə Azərbaycanda mobil rabitə operatorlarının abunəçiləri arasında WhatsApp proqramından istifadədə problemlərin yaşanması gündəmə gəlmişdi. Mobil internet üzərindən WhatsApp-dan istifadə edən Azercell və Nar mobil operatorların müştərilərində müşahidə olunurdu.
Sözügedən operatorların istifadəçiləri tətbiq üzərindən zəng xidmətindən istifadə edə bilmirdilər.

Bu problem ənənəvi zəng xidmətinə çağırış hesab oluna bilərmi?

Mobil operatorların mətbuat xidmətinin 2015-ci ildə verdiyi açıqlamaya görə, WhatsApp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və bununla bağlı şəbəkədə heç bir problem qeydə alınmayıb.

"Şirkətimiz bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır", - deyə Azercell-in mətbuat xidmətindən bildirilib.

Həmin ildə "Report" İnformasiya Agentliyi məsələ ilə bağlı müstəqil İT ekspertinə müraciət edib və o, "WhatsApp" proqramının müxtəlif funksiyalarının mobil operatorlar tərəfindən süni şəkildə məhdudlaşdırılmasını texniki cəhətdən mümkün saydığını bildirib.

"WhatsApp üzərindən aparılan zənglərindəki məhdudlaşdırma "WhatsApp Call" funksiyası ilə bağlantıya cavabdeh olan portların operatorlar tərəfindən bloklaşdırılması ilə bağlıdır. Lakin proqramın digər funksiyaları problemsiz işləyir", - deyə ekspert vurğulayıb.

Məsələ ilə bağlı fikirlər müxtəlif olsa da, qarşımızda bir fakt var, o da mobil operator şirkətlərinin onlayn xidmətlərdən zərər çəkməsidir.

İllərdir davam edən, amma qızğın olmayan bu "abunəçi müharibəsi" bütün ölkələrdə müşahidə olunur.

2014-cü ildə Rusiyanın mobil rabitə operatorları messengerlərin populyarlaşmasına görə 15-20 milyard rubl dəyərində ziyana düşüblər. Bu situasiyanın həlli üçün MTS, Vodafone və digər şirkətlər abunəçiləri ənənəvi xidmətlərə qaytarmaq uğrunda bir çox variantı təklif etdi, onlardan biri də tarif qiymətinin aşağı salınması idi. Bu həll mobil rabitə xidmətlərini tədricən ümumiyyətlə ödənişsiz edə bilər, buna görə də vəziyyətin düzəlməsi üçün başqa həllərə üz tutulur.

Vəziyyətin həlli nədədir?

Analitiklərə görə, mobil operatorların onlayn xidmətlərinin mənfi təsirindən qorunma üsullarından biri də belə xidmətlərin bloklanmasıdır. Bununla belə, 2014-cü ildə dünyanın heç bir operatoru messenger və digər onlayn xidmətləri bloklamayıb və yalnız bir neçə mobil operator abunəçilərə özünəməxsus messenger xidmətini təqdim etmək imkanını nəzərdən keçirdi.

J'son & Partners Consulting şirkəti isə bu məsələyə daha yumuşaq tərəfdən yanaşır.

"Onlayn xidmətlərin geniş çeşidini təqdim edən tətbiqlərin mobil operatorlarla tərəfdaşlıq modelinə keçidi önümüzdəki bir neçə il üçün sənayenin inkişafının əsas şərtidir", - deyə şirkətin yaydığı məlumatda qeyd olunur.

Ekspertlərin sözlərinə görə, operatorların yarıdan çoxu artıq tərəfdaşlığa hazırdır, lakin bir çox mobil operator onlayn platformalarla qarşılıqlı əlaqələrin xüsusi modelləri və formalarını seçməkdə çətinlik çəkir. Mobil operatorların onlayn kommunikasiya xidmətləri provayderləri ilə qarşılıqlı əlaqəsinin əsas modelləri ko-brendləşdirilmiş SIM-kartın və abonentlər üçün müxtəlif bonuslar olan xüsusi tarif planlarının tətbiq olunmasına endirilir.

"Daha perspektivli tərəfdaşlıq modelləri onlayn xidmət provayderlərinin operatorların IT sistemlərinə inteqrasiya edərək gəlirin bölünməsində iştirak etməsindən ibarətdir", - deyə şirkət mütəxəssisləri əlavə edir.


Etiketlər:  Messengerlər mobil operatorları çökdürdü Dəyən ziyanın miqdarı qədərdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ