Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 16:46
Zaur Məşədiməmmədov: "Bakıda təkcə işi yox, ümumiyyətlə, ətrafımı da dəyişmək istəyirdim"
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
16-17 yaşından işləməyə başlayıb. Ancaq məqsədi pul qazanmaq yox, yeni əlaqələr qurmaq, təcrübə qazanmaq, özünü inkişaf etdirmək olub. Çünki bu yolla irəli getməyin mümkünlüyünə inanır. "Mən həmişə inanırdım ki, kiçikdən işdən başlayıb öz üzərimdə çox çalışsam, mütləq böyük nailiyyətlər əldə edəcəyəm" deyən müsahibimiz Böyük Britaniyada "PwC"nin (PricewaterhouseCoopers) baş ofisində biznes prosesləri və İT nəzarət şöbəsinin baş auditoru işləyən Zaur Məşədiməmmədovdur.
- Profilinizdə ilk iş yeri olaraq "PwC"nin Azərbaycan bölməsini qeyd edibsiniz. Bu, magistr təhsilinizi başa vurandan sonrakı dövrə düşür. Maraqlıdır, o vaxta qədər işləməyibsiniz?
- O, mənim ilk rəsmi iş yerim idi və bu səbəbdən belə yazmışam. "PwC"nin Azərbaycan bölməsində işə başlayanda, 23-24 yaşım olardı. Mən isə 16-17 yaşımdan işləyirəm. 17 yaşım tamam olmamışdı, "Super Market" nəşriyyat və qəzetində işə başladım, sonra isə marketinqlə məşğul olan bir şirkətə keçdim. Orda fərqli məhsulların təqdimatı və birbaşa satışı ilə məşğul idik. Magistr təhsilindən əvvəl isə Azərbaycan Beynəlxalq Bankında təcrübə keçmişdim.
- Bu qədər tez işləməyinizin səbəbi nə idi?
- O vaxt mənə lazım ola, özümü inkişaf etdirmək idi. Mən həmişə inanırdım ki, kiçik işdən başlayıb öz üzərimdə çox çalışsam, mütləq böyük nailiyyətlər əldə edəcəyəm. Çünki, hər bir əziyyət, nəticədə qiymətləndirilir. Şəxsi inkişaf məsələsi, öz üzərində işləməyəndə, təcrübə qazanmayanda qırılır. Biznes və maliyyə dünyasında bu, əsas məqamlardan biridir.
- Bir çox tələbənin daxilən pul qazanmaq, maliyyə cəhətdən özünü təmin etmək istəyi olur. Sizin pul qazanmaq kimi məqsədiniz yox idi?
- Bakıda çox gənc varlı ailədən çıxmır deyə, tələbə vaxtı ilk ağlına gələn o olur ki, gedim işləyim, pul qazanım. Ancaq o vaxt pul qazanmağa fokuslanmırdım. O vaxtdan pul mənim əsas məqsədim olmayıb. Maraqlı və güclü insanların ətrafında olmaq, yeniliklər əldə etmək, öz nəzəri biliklərimi təcrübədə tətbiq etmək, yeni təcrübə qazanmaq və s. kimi istəklərim var idi. Sonra gördüm ki, təcrübəm artdıqca, pul qazanmaq imkanları da artır və yeni horizontlar açılır. Amma ümumilikdə, heç vaxt pul haqqında düşünmürdüm. Təbii ki, işlədiyim üçün pul da qazanırdım və gündəlik xərclərimi qarşılayırdım. Valideynlərim mənə həmişə dəstək idilər, ancaq tələbə olaraq öz xərclərimi qarşılamağım valideynlərimə böyük kömək olurdu.
- "Super Market"də hansı işi görürdünüz?
- 2007-ci ildə yeni yerli və xarici şirkətləri axtarıb nəşriyyatın jurnal və qəzetlərinə abunə olmağa kömək olurduq. Bir dostumla birgə işləyirdik. Sonra rus və ingilis dilini də bildiyimizi görüb, bizə müsahibə götürməyi və məqalələrin yazılmasında köməklik etməyi təklif etdilər.
- Bakalavr təhsilini başa vurub Böyük Britaniyaya magistratura oxumağa gedibsiniz. Ancaq sonra işləmək üçün ölkəyə qayıdıbsınız və "PwC"nin Azərbaycan şöbəsində işə başlayıbsınız. İş tapmaq prosesi necə oldu? Çox yerə CV göndərməli oldunuz?
- Çox deməzdim, 3 yerə CV göndərdim. Biri "PwC", o biri "EY", biri də "Unibank" idi. "EY" və "PwC" Bakıda öndə gedən audit şirkətlərdən idilər. "Unibank"da isə riskin idarə edilməsi şöbəsinin çox təcrübəli rəhbərləri var idi. Həmin rəhbərlərlə işləmək istədiyim üçün ora CV-mi göndərdim. Ancaq "PwC"ni istəyirdim. İş üçün müraciət etdiyim hər bir şirkəti araşdırırdım. Və gördüm ki, "PwC" dünya üzrə reputasiyası, qazandığı gəliri, işçilərinə münasibəti və s. cəhətdən daha yüksək mövqedədir. Üstəlik, xidmət göstərdiyi şirkətlərin daha nəhəng olduğunu görürdüm. "PwC"-yə CV və onlayn applikasiyanı göndərəndən bir həftə sonra reaksiya verildi, onlayn test - suallar göndərdilər. Onu keçdim və bir həftə sonra müsahibəyə çağırdılar. Bu müddətdə digər iki yerdən cavab gəlmirdi. "EY"dan bir ay sonra cavab gəldi, ancaq mən "PwC"ni seçmişdim. Beləliklə, 2014-cü ildə "PwC"-də işə başladım. Qalanı isə tarixdir (gülür).
- 4 ilə yaxın çalışdıqdan sonra "PwC"-nin Macarıstan ofisinə gedibsiniz. Bu dəyişikliyi özünüz istəyirdiniz?
- İnsan daim özünü inkişaf etdirmək üçün çalışanda, müəyyən bir yerə gəlib çıxandan sonra irəli getmək üçün nəyisə dəyişmək ehtiyacı hiss edir. 2017-ci ilin oktyabrı idi, Bakıda işlərimin yaxşı getməsinə baxmayaraq, özümü komfort zonada hiss etmirdim. Fikirləşirdim ki, nəyisə dəyişim, yeni və çətin məqsədlər qarşıma qoyaraq onlara doğru irəliləyim. Bakıda təkcə işi yox, ümumiyyətlə, ətrafı da dəyişmək istəyirdim. Heç nə axtarmırdım, amma belə fikirlərim var idi. Xaricdə təhsil aldığım üçün fikirləşirdim ki, CV-mi yeniləyim xaricdə şirkətlərə göndərim. Həmin ərəfədə belə bir xəbər aldım ki, "PwC"-nin Budapeştdəki ofisinə audit şöbəsinə təcrübəli baş mütəxəssis axtarılır. O xəbəri oxuyanda, fikirləşdim ki, özünü inkişaf etdirmək üçün əla imkandır. Əlaqə saxladım, videodanışıq oldu, bəyəndilər və işə dəvət etdilər. Macarıstan ofisində "PwC"-nin Avropa və ABŞ şöbələrinin güclü mütəxəssisləri ilə tanış olub birgə çalışırdıq.
- Sonra da Böyük Britaniyadakı ofisə keçdiniz...
- Mən Macarıstandakı şöbəyə gedəndə, bildirildi ki, həm bu ölkədəki, həm də Böyük Britaniyadakı şirkətlərlə işləyəcəyəm. Komandada Böyük Britaniyadan olan şəxslər də çalışırdılar. Macarıstanda çalışdığım 2 ilə yaxın müddətdə Böyük Britaniyadan olan şəxslərdən ölkədəki iş imkanları barəsində məlumat alırdım. Düzdür, magistr təhsilimi Böyük Britaniyada almışdım, amma tələbə həyatı başqadır, professional iş üçün getmək ayrı. Bristol Universitetində oxumuşdum, orda qiymətlər fərqli idi. London isə çox bahalı şəhərdir. Qısası, yenə də dəyişmək, inkişaf etmək haqqında fikirləşirdim. Bizim direktor Böyük Britaniya ofisinin işçisi idi. İki il Macarıstanda çalışandan sonra Böyük Britaniyaya qayıdırdı və komandasından yaxşıları seçib özü ilə aparırdı. Bir dəfə onunla pivə içməyə getmişdik, mənə Böyük Britaniya ofisinə getmək təklif etdi. Fikirləşdim ki, niyə də yox? İki ilin tamamında bunu etmək istəyirdim və o imkan qarşıma çıxmışdı. Elə həmin ərəfədə mühasibatlıq üzrə ACCA sertifikatını əldə etdim və çoxdan arzuladığım Böyük Britaniyaya üz tutdum.
- Belə tez-tez ölkə dəyişməklə bağlı qərar verməyiniz göstərir ki, ailəli deyilsiniz...
- (Gülür) Düzdür, subayam. Ailəli olan insanların tez-tez ölkə dəyişməsi heç də asan olmur. Subay olanda, tək özünü fikirləşirsən. Ancaq tez-tez ölkə dəyişən ailəli insanlar da tanıyıram. Ailəli olanda, belə addımlara necə yanaşacağımla bağlı nəsə deyə bilmərəm. Ona, evlənəndə baxacağam.
- Eyni şirkətin fərqli ölkələrdəki ofisində çalışmaq sizin o dəyişiklik tələbatınızı qarşılayırdı?
- Bəli, şirkət eyni olsa da, ölkələrə görə iş sistemi və strukturu fərqlidir. Hansı şirkəti audit etdiyinə, hansına konsaltinq xidməti göstərdiyinə, hansı insanlarla işlədiyinə baxır. Məsələn, Bakıda fərqli standartlara uyğun işləyirsən deyə, iş sistemi fərqli idi. Macarıstanda isə biz "London Stock Exchange"in ilk beşlikdə olan şirkətini audit edəndə, təbii ki iş sistemində, işə yanaşma da fərqli təcrübələr görürsən.
- Ölkədən uzaqdasınız, ana yeməyi yoxdur. Bəs yemək məsələsini necə həll edirsiniz?
- Bakıda ailəmlə yaşamışam. Xaricdə necə yaşamaq barəsində magistr təhsilindən öncə heç bir fikrim yox idi. Elə bil ki, gözübağlı gəlmişdim. Oxumaq arzum var idi və hər şeyə hazır idim. Heç nə bişirə bilmədiyim üçün hardasa yeyəcəyimi fikirləşirdim. Xaricdə yaşamaq təcrübəsi məndə magistratura təhsili dövründə formalaşdı. Sonra Bakıya qayıtdım və sağ olsun valideynlər, tək yaşayan zaman üzərimə düşən məsuliyyətləri unutmuş oldum. İşləmək üçün ölkə xaricinə getdiyimdə isə yenidən xatırlamalı oldum. Macarıstan ofisinin üstünlüyü ondan ibarət idi ki, əgər iş çoxdursa, axşam da saxlayırdılar, bunun üçün əlavə pul ödənilirdi, eyni zamanda yeməklə təmin edirdilər. Yemək problemim olmurdu. Böyük Britaniya ofisində isə sistem belə deyil.
- Yəni yeməyinizi özünüz bişirirsiniz...
- Bəli, özüm bişirirəm. Belə desək, nə istəsəniz, bişirə bilirəm (gülür). Qaralı plovdan tutmuş, yarpaq dolmasına qədər hər bir yeməyi bişirməyi bacarıram.
- Əcnəbiləri o yeməklərə qonaq edirsiniz?
- Londonda maraqlı bir qrupumuz yaranıb. Özbək oğlan, mavritaniyalı qız, hindistanlı ər-arvad, filippinli qız və mən. Tez-tez görüşürük, bir-birimizi qonaq edirik. Onları paytaxt salatı və "üç bacı" dolmasına qonaq etmişəm. Yaşadığım ev ikimərtəbəlidir. Evdə qalan digər şəxslərlə mətbəxi bölüşürük. Mən fərqli nə isə bişirəndə, burda qalan şəxsləri də qonaq edirəm. Sonuncu dəfə yarpaq dolmasına onları qonaq etdim, çox bəyəndilər. Nəyə görə yarpaq dolması? Biz qaldığımız evin balaca bir bağçası var. Filippinli qız orda üzüm əkib, yarpaqları çox olduğu üçün istifadə edə bilirik.
- Bir də "Formula 1" Qran Prisində marşal kimi çalışırsınız. Bir az da bundan danışaq. Bu, hobbidir?
- Bəli, 2016-cı ildən bəri "Formula 1" yarışları Bakıda keçirilir. Mən isə 2016-cı ilin əvvəlindən buna maraq göstərmişəm. Hələ Bakıda başlanmamışdan əvvəl Gəncədə və fərqli yerlərdə bir az kiçik yarışlar keçirilirdi. Orda iştirak edirdik ki, təcrübə yığaq. Eyni zamanda Bəhreyn, Macarıstan yarışlarında çalışmışam və bu hobbini davam etdirirəm.