Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tamam Cəfərova: Ölkə başçısı bir daha insanların sağlamlığının onun üçün əsas prioritet olduğunu göstərdi

Tamam Cəfərova: Ölkə başçısı bir daha insanların sağlamlığının onun üçün əsas prioritet olduğunu göstərdi

Tarix: 25 Iyun 2020 23:20

Son günlərdə ölkəmizdə ​ koronavirus infeksiyasına gündəlik yoluxmaların sayı artıq 500-ü ötüb. Bu qırmızı xəttin keçilməsi deməkdir. COVİD-19-dan ölənləri sayının artması da xüsusi ilə təəssüf doğurur. Həkimlərin verdiyi proqnozlar da həyəcanı artırır. Ölkəmizi İtaliyadakı gərginliyin gözləməsi barədə anonslar eşidilməkdədir. Halbuki, virusun yayıldığı ilk günlərdən Azərbaycan hökuməti bütün qabağlayıcı tədbirləri çox ciddi şəkildə gözdən keçirmiş və reallaşdırmışdı".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirlər millət vəkili Tamam Cəfərova, pandemiyanın son durumunu dəyərləndirərkən bildirib.

Millət vəkili xüsusi qeyd edib ki, iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı olub və bu açılışda çıxışı zamanı Cənab Prezident bu sahədə görülən işlər və onların nəticəsi haqqında bildirib: "Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıbdır. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur".

Belə olan təqdirdə, ortaya marağlı bir sual çıxır: O zaman niyə virusa yoluxma halları azalmaq əvəzinə, yüksələn xətti tutdu?" Cənab Prezidentin də qeyd etdiyi kimi, "ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur".

Cənab Prezident bir daha vətəndaşlar müraciət etdi: "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik....Gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır".

Deputat bildirdi ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın maska taxmaları hər bir vətəndaş üçün nümunə olmalıdır.

Millət vəkili yaranmış vəziyyətdə vətəndaş məsuliyyətinin nə qədər önəmli olduğuna diqqət çəkib. "Kimliyindən asılı olmayaraq, hamı öz məsuliyyətini dərk etməli, qoyulan qaydalara əməl etməlidir. Daha nələr baş verməlidir ki, insanlar ciddi bir təhlükə ilə qarşı-qarşıya olduğunu dərk eləsin. Təhlükənin yarandığı ilk gündən görülən işlər, alınan tədbirlərin yeganə məqsədi Azərbaycan vətəndaşına verilən dəyər, qoyulan qiymətlə bağlıdır. Amma təəssüf ki, bəziləri öz dəyərinə qiymət vermir və ya bunun mahiyyətini anlamır. Üzülərək qeyd edirəm ki, bəziləri yumşalmalardan istifadə edərək, qaydaları heçə saydı və nəticədə özləri ilə yanaşı yaxınlarını da bu virusa bulaşdırmış oldular.

Sonda deputat vətəndaşları məsuliyyətli və dövlətin yanında olmağa səsləyib: pandemiya ilə mübarizədə həmrəylik göstərməli, bu çətin günlərdə dövlətin yanında olmalıyıq. Birlikdə güclüyük. Ancaq birlikdə qalib gələ bilərik.

Milli.Az


Etiketlər:  Tamam Cəfərova Ölkə başçısı bir daha insanların sağlamlığının onun üçün əsas prioritet olduğunu göstərdi


RƏYLƏR