Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 14:00
"ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün mərhələli həll planı var. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi amma onlar ya bu missiyanı yerinə yetirə bilmirlər, ya da Ermənistan hakimiyyətinə sözləri keçmir".
Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı nitqini şərh edərkən deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağa aid olmayan rayonlarda məskunlaşma siyasəti aparırsa onlardan torpaqları öz xoşluqları ilə boşaltmağı gözləmək mənasızdır:
"ATƏT-in Minsk Qrupu işğal altındakı torpaqlarda məskunlaşdırılmanın da qarşısını ala bilmir. Çünki erməni separatçıları, Ermənistan hakimiyyəti heç Dağlıq Qarabağa aid olmayan rayonlardan Kəlbəcərdə, Şuşada, Laçında məskunlaşma siyasəti aparırlar, müəssisələr açırlar, Şuşada qondarma andiçmə mərasimi keçirirlər. Bu nə deməkdir? Bu o deməkdir ki, onlar bu torpaqları azad etmək istəmirlər. Halbuki bütün hərb planlarına görə ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Kəlbəcərdə müəssisə açan, orada erməniləri məskunlaşdıran öz istəyiylə torpaqları boşaldarmı? - Yox! Deməli, Minsk Qrupu buna reaksiya vermir. Dövlət başçısı da "N" saylı hərbi hissənin açılışında məhz bunu nəzərdə tuturdu".
Politoloq qeyd edib ki, əgər Ermənistan hakimiyyəti sülh istəyirsə ilk öncə mərhələli həll planını qəbul etməlidir:
"Ermənistan hakimiyyəti yalandan sülhdən danışır, amma sülh istəyən gərək sülhə doğru addım atsın, mərhələli həll planını qəbul etsin. Amma bunlar nəinki o planı qəbul etmirlər, əksinə keçmişdə müşahidə edilməyən hadisələr baş verir. İşğal altındakı torpaqlarda məskunlaşdırma siyasəti aparır, tədbirlər keçirir, müəssisə və zavodlar açır. Üstəlik də, işğal altındakı rayonlardan keçməklə Ermənistana üçüncü bir yol çəkirlər. Əgər iki yol varsa, üçüncü yola nə ehtiyac var? Aydındır ki, bunlar hamısı təxribatdır. Bu təxribatlar əslində münaqişənin həlli vaxtını sürətləndirir, münaqişənin baş verəcəyi ehtimalını artırır. Ermənistan hakimiyyətinin təxribatçı siyasəti hadisələri ancaq buna aparır. Əgər böyük ölkələr, o cümlədən Minsk Qrupu dedikləri kimi, bölgədə müharibə istəmirlərsə, gərək bu prosesin qarşısını alalar. Amma bu prosesin qarşısı çox təəssüf ki, hələ də alınmır".
Təhməz Təkin