Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 15:24
Azərbaycan Yazıçılar Birliyi (AYB) Kann film festivalına və Fransanın Azərbaycandakı səfirliyinə bəyanat ünvanlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bəyanatda erməni rejissorun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkdiyi filmin Kann festivalının proqramına salınmasına etiraz bildirilir.
Bəyanatda deyilir: "Biz hər zaman qeyd-şərtsiz söz azadlığı və yaradıcılıq sərbəstliyi uğrunda çıxış etmişik. Lakin biz inanırıq ki, hər hansı bir əsər millətlər arasında münaqişələrin dərinləşməsinə səbəb ola bilməz və olmamalıdır. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Nora Martirosyanın "Əgər külək əsərsə" (Si le vent tombe) filminin Kann festivalının proqramına daxil edilməsi xalqlar arasında mövcud olan dostluq münasibətlərinə zərbə vurur. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkilmiş bu film münaqişə haqqında həqiqətləri tamamilə təhrif edir, separatçılığın təbliğinə əsaslanan status kvonun möhkəmlənməsinə xidmət edir".
Bəyanatda diqqətə çatdırılır ki, beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağdakı qondarma qurumu tanımır: "Belə bir filmin festivalın proqramına daxil edilməsi nəinki xalqlarımız arasında dostluğa vurulan zərbədir, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə, Fransanın ənənəvi siyasətinə ziddir. Biz Kann festivalı kimi mötəbər bir tribunadan Ermənistanın işğalçı siyasətinə dəstək üçün istifadə edilməsinə qəti etirazımızı bildiririk".