Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 16:40
Bakı. Trend:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən irəli sürülən “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Kodeks Trust Fondu Katibliyi tərəfindən uğurlu layihə olaraq qəbul edilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd Kodeksin işində daha fəal və yaxından iştirakın təmin edilməsi, güclü və dayanıqlı milli Kodeks sisteminin qurulmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasına dəstək verilməsidir.
3 il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks sisteminin yaradılması üçün bu sahədə inkişaf etmiş ölkələrlə əməkdaşlıq mexanizminin qurulması, qarşılıqlı səfərlərin təşkili, eyni zamanda onlayn videotəlimlər, vebinarlar vasitəsilə Milli Kodeks Komitəsinin işinə cəlb edilmiş əməkdaşların bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.
Layihənin əhatə etdiyi dövr ərzində Agentliyə Milli Kodeks sisteminin fəaliyyətinin daha səmərəli təşkili üçün müvafiq normativ bazanın yaradılması, milli qanunvericiliyin tərkib hissəsi olan sanitar və fitosanitar norma və qaydaların Kodeks standartlarına uyğun olaraq hazırlanması və təkmilləşdirilməsi, eləcə də Kodeks Komissiyasının fəaliyyətinə cəlb olunan bütün iştirakçılar arasında kommunikasiyanın gücləndirilməsi sahələrində dəstək göstəriləcək.
Kodeks işinin daha səmərəli təşkili üçün bu sahədə bütün maraqlı tərəflərin (istehlakçılar, sahibkarlar, dövlət müəssisələri) ətraflı maarifləndirilməsi qeyd edilən standartların ən yüksək səviyyədə icrasının təmin edilməsi üçün zəruridir. Bununla əlaqədar olaraq, layihədə xüsusi tədbirlər nəzərdə tutulub.
Qeyd edək ki, “Kodeks Alimentarius” Komissiyası (Codex Alimentarius Commission) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş 189 (188 üzv ölkə və bir təşkilat – Avropa İttifaqı) üzvü olan hökumətlərarası orqandır. Azərbaycan Respublikası 2011-ci ildən Kodeks Alimentarius Komissiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu təyin edilmişdir.