Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda iki nəfərin ölümünə səbəb olan saxta spirtli içki istehsalçıları həbs edildi

Bakıda iki nəfərin ölümünə səbəb olan saxta spirtli içki istehsalçıları həbs edildi

Tarix: 9 Iyul 2020 15:21

Bakı. Samir Əli - Trend:

Ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Trend-in məlumatına görə, qida təhlükəsizliyi sahəsində şəffaflığın, effektiv nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında metanol tərkibli alkoqollu içkilərin istifadəsi nəticəsində ayrı-ayrı şəxslərin zəhərlənmələri və ölüm faktlarına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.

İstintaqla Vurğun İbadovun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən «Yaşıl bazar» ticarət mərkəzində əhaliyə meyvə-tərəvəz məhsullarının pərakəndə satışını həyata keçirərkən, tamah niyyətilə qabaqcadan əlbir olub gəlir əldə etmək məqsədi ilə fərdi sahibkar kimi qeydiyyatdan keçmiş vəzifəli şəxs olan Əzim Hüseynovdan mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmaqla, keyfiyyətinin normalara uyğun olmadığını qabaqcadan bilərək qida məhsulu olan spirtli içkiləri alıb ayrı-ayrı şəxslərə satmış, nəticədə insan həyatı üçün təhlükəli olan metil spirtli tərkibli həmin alkoqollu içkilərin Xəyyam Bağırov, Gəray Bağırov və Romel Bağırov tərəfindən istifadə edilməsi səbəbindən hər üçünün kəskin metanol zəhərlənməsinə məruz qalaraq Xəyyam Bağırovun sağlamlığına yüngül zərər vurulmasına, Gəray və Romel Bağırovların isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan qanunsuz əməllərə görə Vurğun İbadov və Əzim Hüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Etiketlər:  Bakıda nəfərin ölümünə səbəb olan saxta spirtli içki istehsalçıları həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ