Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 14:50
Bakı. Trend:
Xalça istehsalı emalatxanalarında toxunan xalçaların keyfiyyətinə ciddi diqqət yetirilməlidir. Xalçalar emalatxanaya təqdim olunan çeşnilərə uyğun toxunmalı, xalça uzadılması, ərişçəkmə və gücügötürmə, dəhnədöymə mərhələləri standartlara uyğun həyata keçirilməlidir. Bu fikirlər iyunun 18-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mərkəzi ofisində növbəti xalça qəbulu zamanı səsləndirilib.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə. “Azərxalça”nın filiallarında toxunan xalçalar mütəxəssislərin iştirakı ilə qəbul olunub.
Səhmdar Cəmiyyətin Qazax, Tovuz və Şəmkirdə fəaliyyət göstərən emalatxanalarında toxunan xalçaların qəbulu zamanı filialların fəaliyyəti, istehsal olunan məhsulların keyfiyyəti müzakirə edilib.
“Azərxalça”nın Bədii yaradıcılıq və keyfiyyətə nəzarət şöbəsinin rəisi Neva Ağaliyeva bildirib ki, cəmiyyətin Qazax və Tovuz filiallarında Qazax-Borçalı, Şəmkir filialında isə Gəncə qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Toxucular çalışır ki, keyfiyyətli xalçalar istehsal etsinlər. Filiallarımız arasında istehsalat yarışı gedir.
2017-ci ildə fəaliyyətə başlayan bu filiallarda indiyədək, ümumilikdə, 3079 kvadratmertr xalça toxunub. Onun 890 kvadratmetri Qazax, 1000 kvadratmetri Tovuz, 1189 kavadratmetri Şəmkir filialının payına düşür. Bu rəqəmlər hanalardan kəsilib götürülmüş xalçalara aiddir.
Neva Ağaliyeva qəbula gətirilən xalçalar barədə məlumat verərək deyib ki, Qazax filialından 10, Tovuzdan 17, Şəmkirdən isə 16 xalça qəbul edilir. Bu xalçaların içərisində ən keyfiyyətli toxunanı Qazax filialında istehsal edilən məhsullardır.
Bildirilib ki, xalçaların keyfiyyəti onların verilmiş çeşniyə əsasən düzgün toxunulması, sıxlıq və yatımının standartlara uyğun olması, qıraqbükməsinin səliqəli aparılması, düzgün arğaclanmasından asılıdır. Yaxşı haldır ki, bu filiallarda toxunan xalçalar texniki və bədii standartlara tam cavab verir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Vurğulanıb ki, ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycan xalçaçılıq sənəti yeni inkişaf dövrünü yaşayır. Müasir Azərbaycan dövləti tarixi ənənəni bərpa edərək əl üsulu ilə, milli naxışlarla toxunan xalçaların şöhrətini özünə qaytarmaq, onu yenidən beynəlxalq brendə çevirmək üçün mühüm tədbirlər həyata keçirib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, onun 20 filialı fəaliyyətə başlayıb. Bu istiqamətdə görülən işlər uğurla davam etdirilir. "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir. "Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu istiqamətdə mühüm işlər həyata keçirmişik. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan brendi" adı ilə satılır. Bütün bunlar bizim məsuliyyətimizi ikiqat artırır. Toxucularımız onlara göstərilən qayğının müqabilində gözəl xalçalar ərsəyə gətirməlidirlər.
V.Muradov deyib ki, “Azərxalça”nın filiallarında toxunan xalçaların mütəxəssislərin iştirakı ilə qəbul olunmasının mühüm əhəmiyyəti vardır. Bu, dünya təcrübəsində də belədir. Qəbul prosesi zamanı xalçaların keyfiyyəti müzakirə edilir. Bu da ona gətirib çıxarır ki, buraxılmış nöqsanlar növbəti xalçanın toxunuşu zamanı təkrarlanmır.
İdarə Heyətinin sədri keyfiyyətli məhsul istehsalına ciddi diqqət yetirilməsi, hər üç filialın ən yaxşı toxucularının mükafatlandırılması barədə tapşırıqlar verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin