Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 21:24
Bakı. Trend:
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, STEM science (elm), technology (texnologiya), engineering (mühəndislik), math (riyaziyyat) sözlərinin baş hərflərinin birləşməsindən düzəlib.
STEM şagirdlərin məktəbdə texniki fənlərdən öyrəndiklərini texnologiya və mühəndisliklə birləşdirib gündəlik həyatda tətbiqetməsidir. Yarışın sualları texniki sahə və dünya görüşü ilə əlaqəli olduğu üçün yarışma “STEM Plus” adlandırılıb.
Yarışmanın təşkilində məqsəd gənclərimizin orta ixtisas təhsili zamanı əldə etdikləri bilik və bacarıqlarınının yoxlanılması və onlarda elm, texnologiya və mühəndislik sahələrinə marağın artırılmasıdır.
Olimpiadanın açılışında çıxış edən universitetin rektoru, professor Andris Leitas bildirib ki, Qərbi Kaspi Universiteti məktəblilərin iştirakı ilə müxtəlif məzmunlu layihə və tədbirlər həyata keçirir. Tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri reallaşdıran Qərbi Kaspi Universitetində artıq iki ildir ki, mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda İdeya Bankı, biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbə və şagirdlər Texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir.
“STEM Plus” yarışması da bu tədbirlərdən biridir.
Məktəblilərdən ibarət 50-dək komandanın qatıldığı yarış olduqca maraqlı və gərgin mübarizə şəraitində keçib. Şagirdlər mühəndislik, texnologiya, riyaziyyat və elmin müxtəlif sahələri ilə bağlı sualları cavablandırıblar.
Marafonun sonunda Bakı şəhər 12 nömrəli məktəb birinci yerə layiq görülüb. Bakı şəhər 20 və 116 nömrəli məktəblər isə müvafiq olaraq iki və üçüncü yerləri tutublar.
Qalib gələn komandalar diplom və mükafatlarla təltif ediliblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin