Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan dövləti veteranlara daim yüksək diqqət və qayğı göstərir

Azərbaycan dövləti veteranlara daim yüksək diqqət və qayğı göstərir

Tarix: 13 Iyul 2020 10:51

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır.

Trend-in məlumatına görə, aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir.

Təşkilatın sədri T.Ağahüseynov “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edərək veteranları, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edir. Veteranlara müraciətdə bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə veteranlar bu çətin dövrü də arxada qoyacaqlar. Veteranlar özlərini və yaxınlarını qorumalıdırlar. Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda dövlətimizin başçısı tərəfindən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir. Yaddan çıxarılmamalıdır ki, veteranlar bundan da çətin sınaqlardan qalıb çıxıblar.

T.Ağahüseynov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Veteranlar Təşkilatına, ölkəmizdə veteran hərəkatının inkişafına, ümumiyyətlə, veteranlarımıza xüsusi diqqət və qayğı göstərir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin ənənəsinə sadiq qalan dövlətimizin başçısı hər zaman 9 May – Qələbə Gününü veteranlarla birlikdə qeyd edir, onların qayğıları ilə maraqlanır.

“Veteranlarımızın gənc nəslin düzgün istiqamətləndirilməsində rolu əvəzsizdir. Onlar nümunəvi şərəfli yol və həyat təcrübəsini gənclərlə bölüşür və tövsiyələrini verirlər. Veteranların bundan sonra da onlara göstərilən bu etimadı doğruldacağına əminəm. Biz gənclərin hərbi vətənpərvərlik və dövlətə sədaqət ruhunda tərbiyəsi üçün əlimizdən gələni bundan sonra əsirgəməyəcəyik”, - deyə Təşkilatın sədri vurğulayıb.

Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən, Zaqatala və Goranboyda yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımları artıq paylanılıb. Veteranlarla hər görüşdə təşkilatın nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayırlar.

Yardım aksiyası iyulun sonunadək davam edəcək.


Etiketlər:  Azərbaycan dövləti veteranlara daim yüksək diqqət qayğı göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ