Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 21:42
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsini təəssüf ki, həmin dairələr hələ də yumşaq desək, həzm edə bilmirlər.
Deputat deyib ki, Ermənistanın öz rəsmi statistikasına görə, düşmən ölkədə hər 5 nəfərdən biri işsizdir:
"Son aylar işsizlik səviyyəsində daha ciddi artımlar müşahidə olunmaqdadır. Beynəxalq hesabatlarda isə Erməsinstanda işsizlik səviyyəsi 30 faizdən az göstərilmir. Xüsusən də gənclər arasında işsizlik səvyyəsi artmaqdadır. Rəsmi statistikada əhalisinin hər 4 nəfərdən birinin, beynəlxalq hesabatlarda isə hər 3 nəfərdən birinin yoxsul hesab olunduğu Ermənistanda vəziyyət hazırda mürəkkəbdir və Paşinyan hakimiyyəti belə təxribatlarla problemi aradan qaldırmağa cəhd edir. Amma aydındır ki, bunun hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur".
V.Bayramovun sözlərinə görə, təəssüf ki, Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır:
"Görünən odur ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və Ermənistanda müşahidə olunan sosial-iqtisadi problemləri gündəmdən çıxartmağa hesablanıb.
Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir".