Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2020 15:57
"Ermənistanın Azərbaycana qarşı hələ də davam edən təcavüz addımlarına qarşı Azərbaycan cəmiyyətində başlayan həmrəylik və dəstək hərəkatı çox əhəmiyyətli faktordur və indiki şəraitdə Azərbaycan dövlətinin tükənməz güc mənbələrindən biridir".
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, cəmiyyətimiz fərqinə varır ki, Azərbaycan ordusu, ordusunun gücü, texniki təchizatı nə qədər güclü olsa da xalqın ona bütöv dəstəyi ordumuzun gücünü bir neçə qat artıra bilən faktordur:
"Bakıda, ölkənin müxtəlif yerlərində xüsusilə də vətənpərvər gənclərin ordumuzun qələbəsi ilə həmrəylik aksiyalarına qalxması bir daha nümayiş etdirdi ki, Azərbaycan dövlətinin və dövlət başçısının ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə cəmiyyətimiz tərəfindən əksərən mütləq şəkildə dəstəklənir və 2016-cı ilin aprel hadisələrindən dərhal sonra özünü göstərən ictimai-siyasi birlik və həmrəylik hərəkatının hələ də davam etdiyini və gücləndiyini bir daha nümayiş etdirdi. Cəmiyyətimiz fərqinə varır ki, Azərbaycan ordusu, ordusunun gücü, texniki təchizatı nə qədər güclü olsa da xalqın ona bütöv dəstəyi ordumuzun gücünü bir neçə qat artıra bilən faktordur. Buna görə, Azərbaycan ordusunun döyüş bölgələrində əldə etdiyi nailiyyətlərlə cəmiyyətimizin nümayiş etdirdiyi həmrəylik hissləri starteji əhəmiyyət daşıyır. Çünki bu, ordumuzun istənlən vaxt daha böyük qələbələr çalmağa qadir olduğunu və bu işdə Azərbaycan xalqının, cəmiyyətin dəstəyinə söykənə biləcəyini nümayiş etdirdi".
Ekspert qeyd edib ki, Azərbaycan dövlətinin və onun başçısının ərazi bütövlüyümüz uğrunda apardığı mübarizənin xalq tərəfindən dəstəkləndiyini son günlərin aksiyaları bir daha nümayiş etdirdi:
"Ancaq çox təəssüf ki, ordumuzun qələbələri və Ali Baş Komandanın apardığı siyasətlə, böyük həmrəylik hərəkatı ilə bərabər bunun içərisində həmin prosesi başqa istiqamətlərə yönəltmək, özünün siyasi ambisiyalarını həyata keçirmək və 1990-cı illərə xas olan xaos dövrünü yenidən qaytarmağa çalışan qüvvələr də peyda olur. Bu cür qüvvələrin ordumuzun gücü haqqında yaydığı şayiələr, ordumuzun güya məğlub olduğu ilə bağlı müxtəlif yalanlar uydurması, əhali arasında panika salması, əhalini və fəal insanları lazım olmayan istiqamətlərə yönəltmək cəhdləri, polisə qarşı zorakılıq addımları, hətta dövlət binalarına və dövlət mülkiyyətinə qəsd edilməsi ilə bağlı çağırışlar və atılan addımlar qəti şəkildə yolverilməzdir. Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin təcavüzkara qarşı vahid mübarizəsindən və bunun ətrafında özünü göstərən ümumxalq həmrəyliyindən narahat olanlar hələ də var və bu cür narahat olan qüvvələr ölkədə xaos və bulanıq mühit yaratmaqla özlərinin siyasi məqsədlərinə nail olmaq istəyirlər. Azərbaycan dövlətinin və onun başçısının ərazi bütövlüyümüz uğrunda apardığı mübarizənin xalq tərəfindən dəstəkləndiyini son günlərin aksiyaları bir daha nümayiş etdirdi".
Təhməz Təkin