Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müharibə şəraitində dezinformasiya yayan Rəşad Məmmədov və onun kimilər ən ağır cəzaya layiqdirlər''

''Müharibə şəraitində dezinformasiya yayan Rəşad Məmmədov və onun kimilər ən ağır cəzaya layiqdirlər''

Tarix: 16 Iyul 2020 10:57

Müharibə tək hərbçilərlə və silah-sursatla aparılmır. Müharibə prosesində həm də siyasi, diplomatik, iqtisadi, sosial faktorlar önəmli rol oynayır. Eyni zamanda, ən əsas məsələlərdən biri də müharibənin informasiya və psixoloji təzyiq tərəfidir. Əgər bir ölkə bu sahədə zəiflik göstərərsə, nə qədər güclü olmasına baxmayaraq ağır məğlubiyyətlə üzləşə bilər. Bu cür tendensiyaları ABŞ ordusunun XXI əsrin əvvəllərində Əfqanıstanda, İraqda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı müşahidə etmişik. Həmin vaxt sosial şəbəkələrdə ABŞ əsgərlərinin vurulması, hərbi texnikalarının partladılması və başqa məsələlərlə bağlı dezinformasiyalar yayılırdı və bu əssasız məlumatlar da ABŞ ordusunun mənəvi sarsıntı keçirməsinə səbəb olurdu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Sonxeber.net- açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, hazırda Azərbaycan Ermənistanla müharibə şəraitindədir və son 3 gün ərzində Tovuz istiqamətində düşmən təxribatının qarşısı alınarkən biz yenidən eyni informasiya və psixoloji təzyiq proseslərinin şahidi olduq: "Ermənistan tərəfi müxtəlif saytlar və sosial şəbəkələr vasitəsilə dezinformasiyalar yaymaqla, Azərbaycan Ordusuna və cəmiyyətinə psixoloji təsir göstərməyə çalışırdı. Lakin Azərbaycanın informasiya məkanı güclü şəkildə qorunduğundan həmin dezinformasiyalar təsirsiz qalırdı. Yalnız erməni lobbisi hesabına maliyyələşən anti-Azərbaycan dairələrin təbliğat ruporları olan "Osmanqızı tv", "Meydan tv", "Azad söz", "Azərbaycan saatı" və digər bu tip "Youtube" kanalları və "Facebook" hesabları ölkə daxilində ictimai rəyi çaşdırmağa cəhdlər göstərirdilər. Belə dezinformasiya cəhdlərini ayrı-ayrı erməni xislətli şəxslər də edirdilər. Onlardan biri də Azərbaycan dilində səlis danışmağı bacaran erməni mahiyyətli Rəşad Məmmədov idi".

"Bu erməni xislətli gəda ordumuz haqqında ən çirkin formada dezinformasiya yayırdı" deyən Vüqar Rəhimzadə əlavə edib ki, Rəşad Məmmədovun bu barədə mediaya etirafı bir daha özünün ifşasına xidmət etdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, onun Azərbaycan ordusu və xalqı barədə yalanlarına haqq qazandırmaq üçün gətirdiyi bəhanələr də yersizdir: "Necə yəni sən emosional vəziyyətdə idin və Azərbaycan Ordusu haqqında erməni maraqlarına xidmət edən video paylaşırsan? Əgər baş verənlərdən təsirlənmişdinsə, sən də "Qarabağ Azərbaycandır" deyə hayqırardın. Yaxud da ki, paylaşmağı xoşladığın videolarında ermənilərin əleyhinə danışardın. Əgər sən şüurlu şəkildə Azərbaycan Ordusuna ləkə yaxırsansa, cəmiyyət daxilində panika yaradırsansa, bilərəkdən ölkəmizin qələbəsinə, zəfərinə kölgə salmağa çalışırsansa, deməli Azərbaycan əleyhinə sifariş yerinə yetirirsən, düşmənin dəyirmanına su tökürsən".

Vüqar Rəhimzadə xüsusi olaraq diqqətə çatdırıb ki, Rəşad Məmmədov kimi xainlər həbs olunmalı, onun bu və əvvəlki fəaliyyəti mütləq araşdırılmalıdır: "Əgər belələri cəzasız qalarsa, növbəti bu cür erməni təxribatları zamanı daha çox xain düşmənlə əməkdaşlığa cəlb edilə bilər. Əgər Rəşad Məmmədov kimilər müharibənin getdiyi bir zamanda cəmiyyətə panika, qarşıdurma yaradırsa, mütləq qanun qarşısında bunun cəzasını almalıdır".


Etiketlər:  Müharibə şəraitində dezinformasiya yayan Rəşad Məmmədov onun kimilər ağır cəzaya layiqdirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ