Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 13:06
Bakı. Trend:
Təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası məhv edildi, canlı qüvvəsi gəbərdildi. Əsgər və yüksək rütbəli bir neçə zabitimiz qəhrəmancasına şəhid olsa da, qanları yerdə qalmadı, qisasları alındı. Bu hadisələr ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyini yenidən təsdiq etdi. Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun qarşısında aciz və cılızdır.
Heç kəsə sirr deyildir ki, Ermənistanla dövlət sərhədində hər hansı bir əməliyyatın başlanması və keçirilməsi dövlətimizin maraqlarına uyğun deyildir. Azərbaycanın başlıca məqsədi işğal altında olan ərazilərimizi yağı düşməndən azad etməkdir.
Belə olduqda soruşulur: Ermənistanın bu təxribatı nə üçün törətdi? Məlumdur ki, Ermənistan rəhbərləri və cəmiyyəti cənab Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası dövlətinin nüfuzunun getdikcə artmasını, beynəlxalq təşəbbüslərinin bəyənilməsini həzm edə bilmirlər. Ona görə də N.Paşinyan təxribat törədərək erməni cəmiyyətinin diqqətini özündən yayındırmaq niyyəti güdürdü. Lakin həmin istəyinə çata bilmədi. Bu döyüşlərdən sonra vəziyyəti daha da ağırlaşdı.
Qarabağ cəbhəsində Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini bilən Ermənistan təxribat törədib haray-həşir qopartmaq və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsini buraya cəlb etmək niyyəti güdürdü. Ancaq Ermənistan anlamadı ki, həmin təşkilata daxil olan dövlətlərin Azərbaycan Respublikası ilə sıx dostluq münasibətləri mövcuddur. Ermənistan bu təşkilatda üzv olsa da, Rusiyanın ayaqlarının altını qazdığı, Belarusa az qala düşmən ölkə kimi baxdığı, digər ölkələri isə qısqandığı üçün etdiyi müraciətinə heç “milçək vızıltısı” qədər də diqqət yetirilmədi. Bu məsələdə də Yerevanın istəyi gözündə qaldı.
Tovuz və Qazax rayonları istiqamətindəki ərazilərimizdən Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəməri, Bakı – Tbilisi – Ərzurum qaz boru kəməri, Böyük ipək yolu, Bakı – Tbilisi – Kars dəmiryolu keçdiyi üçün yüksəkliklər təcavüzkar ölkə tərəfindən işğal ediləcəyi təqdirdə təhlükə altına düşərdi. Azərbaycan ordusu Ermənistanın bu istəyini də ürəyində qoydu.
Bərbad halda olan idarəçiliyindən narazılıqları azalda, dərinləşən sosial-iqtisadi böhrandan, koronovirus pandemiyası burulğanından çıxa bilmədiyi üçün N.Paşinyan təxribat törədərək Azərbaycan timsalında ümumi düşmən obrazı yaradıb ictimai rəyi daxili problemlərdən və özünün qurduğu diktaturadan yayındırmağa yönəltmək məqsədi güdürdü. Azərbaycan ordusu Ermənistanın bu arzusunu da puça çıxardı.
Azərbaycan ordusunun qələbəsi vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinə də xəbərdarlıq oldu. Onlar açıq şəkildə gördülər ki, mandatlarını yerinə yetirməsələr və təcavüzkarın yerində oturdulması üçün təsirli addımlar atmasalar tamam başqa reallıqlarla üzbəüz qala bilərlər.
Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti millətimiz qətiyyətlə müdafiə edir. Əli silah tutan vətənpərvər insanlar bu gün özünü Vətənin əsgəri hesab edir və düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdır.
Musa Qasımlı,
Milli Məslisin deputatı