Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 11:57
“Windows 10” əməliyyat sisteminin istifadəçiləri internetə qoşulma ilə bağlı problemlərlə üzləşiblər. Əməliyyat sisteminin lisenziyalı surətlərinin sahiblərinin şikayətləri barədə “BetaNews” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, problem internetlə bağlantının iş qabiliyyətinin yoxlanılması üçün nəzərdə tutulan “NCSI” xidmətinin istifadəçini siqnalın yoxa çıxması və qoşulmanın olmaması barədə xəbərdarlıq etməsi ilə əlaqədardır. Əməliyyat sisteminin surətlərinin sahiblərinin rəylərinə görə, nasazlıq “Windows 10 2004” sistemində mayda həyata keçirilən miqyaslı yeniləmədən sonra baş verib. Jurnalistlər problemin bilavasitə internetə qoşulma ilə deyil, şəbəkə statusunun göstərilməsi ilə əlaqədar olmasına diqqət yetiriblər. Nəşr nümayəndələrinin sözlərinə görə, internetə qoşulmanın olmaması ilə bağlı informasiya səhvdir, çünki əksər hallarda internet bağlantısı mövcud olur. “BetaNews” belə qərara gəlib ki, problem məhdud sayda internet istifadəçiləri ilə əlaqədardır.
Nasazlığa reaksiya verən “Microsoft” onun səbəbini açıqlaya bilməyib. “Biz problemdən xəbərdarıq, lakin onu hələ ki həll etməmişik”, – korporasiyanın saytında qeyd olunur.
Bu, “Windows 10 2004” sisteminin yeniləməsi ilə əlaqədar yaranan ilk problem deyil. Belə ki, iyunda əməliyyat sisteminin istifadəçiləri kompüteri söndürdükdən sonra printer quraşdırmasının yoxa çıxması ilə üzləşiblər. “Microsoft” mütəxəssisləri qeyd edib ki, boşluq yaxın vaxtlarda buraxılacaq yeniləmələrin birində aradan qaldırılacaq.
Nizam Nuriyev