Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 11:18
Bakı. Trend:
Azərbaycanda qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5%, 2019-cu ilin 5 ayı ərzində isə 17,8% artıb.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Nazir müavini bildirib ki, bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37,6% artıb. Sənaye parklarında istehsal olunmuş 1,4 milyard manata yaxın məhsulun 267 milyon manatlıq hissəsi ixrac olunub.
Azərbaycanın ixrac məhsullarının çeşidlərinin artdığını vurğulayan nazir müavini Azərbaycandan 2166 adda məhsulun xarici bazarlara çıxarıldığını diqqətə çatdırıb:
"Bununla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı da artır. Belə ki, bu ilin 5 ayı ərzində xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların sayı 74% artaraq 18,4 minə çatıb".
R.Məmmədov qeyd edib ki, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur: "Qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası təşkil edilib. Azərbaycan məhsulları indiyədək 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar əldə edilib, müqavilələr imzalanıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin