Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ədalət Vəliyev partiya sədri Tufan Kərimovla görüşüb

Ədalət Vəliyev partiya sədri Tufan Kərimovla görüşüb

Tarix: 28 Iyul 2020 12:42

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşləri davam edir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iyulun 28-də növbəti görüş Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov ilə olub.

Görüşdə erməni vandallarının növbəti dəfə beynəlxalq hüququn prinsiplərini pozaraq iyulun 12-də daha üstün mövqelər əldə etmək məqsədilə artilleriyadan istifadə edərək Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribata əl atdığı, Azərbaycan Silahlı Qüvvələrinin adekvat tədbirləri nəticəsində düşmənin layiqli cavab aldığı vurğulanıb. İşğalçı Ermənistanın növbəti təxribatı fonunda Azərbaycan xalqının yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi nümayiş etdirdiyi bildirilib.

Şöbə müdiri vurğulayıb ki, ölkədəki 43 siyasi partiyanın imzaladığı Birgə Bəyanat və 4 siyasi partiyanın ayrılıqda imzaladıqları bəyanatları Azərbaycanda düşmənə qarşı vahid mövqe və fikir olduğunu birmənalı şəkildə nümayiş etdirir. Ədalət Vəliyev, həmçinin qeyd edib ki, bu məsələdə, xalqımızın həmrəyliyi təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşanır.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtidar-müxalifət dialoqunun davam etdirildiyi, iyulun əvvəlində Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən ölkədə siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün videokonfrans formatında görüş keçirildiyi qeyd olunub. Bu da onu göstərir ki, Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər.

Prezident Administrasiyasının şöbə müdiri deyib ki, hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə sahəsində Azərbaycan da preventiv tədbirləri davam etdirir, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda mütəmadi müzakirələr aparılır, virusa qarşı mübarizə və yoluxma hallarının sayının azaldılması istiqamətində müvafiq məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bu sahədə məqsədyönlü və ardıcıl addımlar atılması üçün xarici ölkələrdən mütəxəssislər cəlb edilib və onlar virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına dəstək olurlar.

Görüşdə, həmçinin bildirilib ki, "Siyasi partiyalar haqqında" Qanunun yenidən hazırlanması zamanın tələblərini əks etdirməklə yanaşı, partiyaların qeydiyyatdan keçməsinin və maliyyə hesabatlılığının təkmilləşdirilməsi məsələlərini nəzərdə tutur. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır.

Sonda T.Kərimov qəbula görə təşəkkür edib və bir daha Azərbaycan Milli Demokrat Partiyasının dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında, iqtidar-müxalifət dialoqununun və yeni siyasi konfiqurasiyanın inkişafında hər zaman dəstək olacağını bildirib.


Etiketlər:  Ədalət Vəliyev partiya sədri Tufan Kərimovla görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ