Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə inkişaf edir

Azərbaycan Prezidenti: Kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə inkişaf edir

Tarix: 30 Iyul 2020 20:06

Kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə inkişaf edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Balakən regional "ASAN xidmət" mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Balakəndə mövcud problemlər arasında içməli su məsələsi çox ciddi problemdir. Bu məsələ ilə bağlı artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər verilib və biz tezliklə Balakən şəhərində içməli su-kanalizasiya layihəsinin icrasına başlamalıyıq. Bu günə qədər biz içməli su və suvarma problemlərinin həlli üçün daha çox artezian quyularından istifadə edirik. Balakən rayonunda 24 quyu qazılıb və 10 quyunun qazılması nəzərdə tutulur. Ancaq içməli su və kanalizasiya layihəsi mütləq icra edilməlidir və icra ediləcəkdir. Son vaxtlar elektrik enerjisinin təchizatı ilə bağlı önəmli addımlar atılıb. Bu gün "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yeni mərkəzinin açılışı da nəzərdə tutulur. Vaxtilə Balakən rayonunda su elektrik stansiyaları tikilmişdir və elektriklə təchizat böyük dərəcədə yaxşılaşmışdır.

Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət proqramları xətti ilə investisiyalar qoyulur, özəl sektor da bu işlərə fəal qoşulur. Kənd təsərrüfatı sahəsində yaxşı nəticələr var. Bildiyiniz kimi, şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişafı ilə bağlı mənim təşəbbüsümlə konkret addımlar atılır. Mən fındıqçılıq üzrə xüsusi müşavirə keçirmişdim. Bir neçə il bundan əvvəl mövcud bağların sahəsi 32 min hektar idi. Biz bir neçə il ərzində bunu 80 min hektara çatdırmışıq. Balakən rayonunda 5 min hektarda fındıq bağları mövcud idi, indi onların sahəsi 10 min hektara çatıb. Siz yaxşı bilirsiniz ki, burada yaşayan bir çox insanlar üçün əsas qazanc mənbəyi fındıqçılıqdır. Biz bu bağları salmaqla, fermerlərə kömək göstərməklə Balakən və qonşu rayonların əhalisinin maddi rifahını təmin etmiş oluruq. Bu gün Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir. Bu, çox gəlirli, perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur. İsmayıllı rayonundan ta Balakənə qədər, eyni zamanda, cənub zonasında, həmçinin Xaçmazda, Qusarda fındıqçılığın çox böyük perspektivləri var. Hər bir rayonun öz ixtisaslaşması olmalıdır. Burada da ənənəvi olaraq fındıqçılıq, tütünçülük inkişaf edib. Bu gün də bu sahələrə böyük diqqət göstərilir. Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir.

Məhz bu kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə inkişaf edir. İnkişafımız dayanıqlıdır və perspektivlərimiz də çox gözəldir. Çünki biz öz addımlarımızı plan üzrə və yerlərdən gələn təkliflər əsasında atırıq. Hazırda ən ciddi problem suvarma ilə bağlıdır. İki ildir ki, quraqlıq bizə çox böyük əziyyət verir. Mənim sədrliyimlə bu məsələ ilə bağlı xüsusi müşavirə keçirilib. Üç ay bundan əvvəl yaradılmış komissiya, o cümlədən su təsərrüfatının elektronlaşdırılması ilə məşğuldur və bu vacib sahəni "ASAN xidmət"ə həvalə ediblər. Bu gün təqdimat zamanı mənə məlumat verildi ki, artıq qısa müddət ərzində, - komissiya aprelin 15-də yaradılmışdır, - elektron su təsərrüfatı sistemi hazırdır. Biz buna nəyin hesabına nail olmuşuq? Məhz intellektual potensialın hesabına. "ASAN xidmət" mərkəzlərinin ən vacib amillərindən biri də innovasiyalar, intellektual məhsul, müasir təlim prosesi və gənclərin bu işlərə cəlb edilməsidir".


Etiketlər:  Azərbaycan Prezidenti Kompleks yanaşma imkan verir ölkəmiz gün sürətlə inkişaf edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ