Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 13:06
Bakı. Trend:
COVID-19 hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükədir. Bu baxımdan yaranmış vəziyyət ümummilli birlik, həmrəylik tələb edir.
Bəşəri bəlaya çevrilmiş pandemiya təkcə insanları deyil, iqtisadiyyatı da “hədəfə” alıb. Qlobal bazardakı qeyri-müəyyənlik, enerji daşıyıcılarının ucuzalaşması iqtisadiyyata təzyiqi daha da artırır.
Belə bir dövrdə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi çətin olsa da, Azərbaycanın iqtisadi potensialı, koronavirusla mübarizə istiqamətində vaxtında atılmış addımlar, həyata keçirilən tədbirlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına, onun neqativ təsirlərinin minimallaşdırılması üçün qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaratdı.
Hazırda Azərbaycan vətəndaşının sağlamlığının qorunması tədbirləri ilə yanaşı, pandemiyadan zərər çəkən sahələrin dirçəldilməsi üçün iqtisadiyyata geniş dəstək paketinin, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən proqramların icrası davam etdirilir, sahibkarlara maliyyə dəstəyi göstərilir, vergi güzəşt və tətilləri tətbiq edilir.
Qeyd etmək lazımdır ki, infeksiyanın yayılmasına qarşı həyata keçirilən tədbirlərin nəticəsi olaraq, sərt karantin dövrünün məcburi məhdudlaşdırmalarından yumşaldılmalara keçilməsi isə xəstəliyinin başa çatması anlamına gəlməməlidir. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil.
Bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Bu gün sözün əsl mənasında, sosial məsuliyyət dövrüdür. Mövcud şəraitdə hər bir vətəndaşın pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə daha yaxından dəstək olmasına, koronavirusla mübarizənin, müəyyən olunmuş tələblərə əməl edilməsinin gündəlik həyat tərzinə, həyat normasına çevrilməsinə ehtiyac var.
Yaranmış şərait, dünya təcrübəsi bəşəriyyətə də, biznesə də hazırkı dövrün əsas prinsipini, çətinlikdən çıxmağın, iqtisadiyyatı dirçəltməyin yolunu göstərir – Yeni Həyat Tərzinə uyğunlaşmağın vacibliyi!
Təkcə özümüzü deyil, yaxınlarımızı, doğmalarımı təhlükəyə atmamaq, biznesin bərpası üçün sadə sosial və sanitar-gigiyenik qaydalara riayət etməliyik: Qapalı məkanlarda maska taxılmalı, obyektlər mütəmadi olaraq dezinfeksiya edilməli, antiseptik vasitələrdən istifadə olunmalı, işçi heyətin maska və əlcəkdən istifadəsi təmin edilməli, vətəndaşların maskasız obyektlərə daxil olmasının və sıxlığın qarşısı alınmalı, fiziki məsafə qorunmalıdır.
Cəmiyyət də, sahibkarlar da yeni həyat tərzinə uyğunlaşmalıdır. Unutmamalıyıq ki, koronavirusla mübarizədə səmərəli nəticə üçün ictimai yerlərdə, xidmət obyektlərində qaydalara riayət edilməlidir.
Yeni həyat tərzi həm də, rəqəmsal həllərin tətbiqini tələb edir. Bu kontekstdə sahibkarlar məsafəli xidmətin imkanlarının genişləndirilməsinin vacibliyini diqqətdə saxlamalı, rəqəmsallaşmanın biznes üçün yaratdığı üstünlüklərdən maksimum dərəcədə faydalanmalıdırlar. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu biznes üçün bir o qədər səmərəli olar, yeni məhdudlaşmaların qarşısının alınmasına və onların daha da yumşaldılmasına şərait yaranar. Yumşalmaya doğru dəyişikliklər isə özümüzdən asılıdır.
Pandemiyaya birlikdə qalib gələ, bu ağır sınaqdan birlikdə çıxa bilərik.