Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 18:40
Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə “Azərpambıq ASK” MMC-də istehsalat prosesinin cari vəziyyətinə həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.
ASC-dən Trend-ə bildirilib ki, Korporasiyanın məsul vəzifəli şəxsləri, “Azərpambıq ASK” MMC-nin rəhbər heyəti, Cəmiyyətin məntəqə və zavod direktorlarının iştirakı ilə keçirilən müşavirədə müəssisədə istehsalat prosesinin mövcud vəziyyəti, karantin dövründə yaranmış problemlər, müəssisənin iqtisadi göstəriciləri, qarşıda duran işlər və Dövlət Proqramlarının icrasından irəli gələn vəzifələr müzakirə olunub.
Müşavirədə müəssisə və məntəqə rəhbərləri tərəfindən istehsalat prosesinin cari vəziyyəti, pambıq əkini, suvarma məsələləri, tədarük mövsümünə hazırlıq, emal zavodlarının sazlanması, pandemiya ilə əlaqədar olaraq istehsalın və hazır məhsulun satışının kəskin şəkildə aşağı düşməsi barədə məlumat verilib.
Müşavirənin sonunda Korporasiyanın baş direktoru tərəfindən müəssisə rəhbərlərinə 1C proqramının tətbiq olunmasının qısa zaman ərzində başa çatdırılması, kadr potensialının optimallaşdırılması, fermerlər üçün təşkil edilən maarifləndirmə və məsləhət xidmətinin artırılması, tədarük və emal mövsümünə hazırlıqla əlaqədar bütün səylərin birləşdirilməsi ilə bağlı tapşırıqlar verildi.
Eyni zamanda Cəmiyyətin baş direktoru Kamran Nəbizadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə pambıqçılıq sahəsində görüləcək tədbirlərlə bağlı müşavirədə qarşıya qoyduğu hədəflərə çatmaq, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək, eyni zamanda bütövlükdə işlərin mütəşəkkil şəkildə həyata keçirilməsi, korporativ idarəetmə sisteminin tətbiqi və müəssisədə səmərəliliyin artırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini də vurğuladı.