Tarix: 20 Avqust 2020 01:20
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Klaksvik" (Farer adaları) - "Slovan" (Slovakiya) oyunu təxirə salınıb.
Qol.az xəbər verir ki, buna səbəb Slovakiya klubunun fizioterapevtinin koronavirus infeksiyasına yoluxması olub.
Koronavirus aşkarlandığı üçün futbolçularından birini səfərə aparmayan “Slovan” Farer adalarında yenidən testdən keçib. Komandanın fizioterapevtinin yoluxduğu məlum olub. Buna görə də UEFA Farer adalarına gələn bütün komandanın 14 günlük karantinə alınmasını qərara alıb. Oyun isə avqustun 21-nə təyin edilib. Lakin bu görüşdə "Slovan"ın yalnız əvəzedici komandası çıxış edə bilər.
Bu isə o deməkdir ki, əvəzedici komanda sabah keçiriləcək oyun üçün Farer adalarına yollanmalıdır. UEFA əvəzedici komandadan 13 oyunçusunun sifariş edilməsinə və başqa təyyarə ilə
Farer adalarına aparılmasına razılıq verib. “Slovan” bundan imtina etsə, komandaya texniki məğlubiyyət veriləcək.