Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Asiya İnkişaf Bankı Azərbaycanda şaxələndirilmiş və inklüziv inkişafı dəstəkləyir

Asiya İnkişaf Bankı Azərbaycanda şaxələndirilmiş və inklüziv inkişafı dəstəkləyir

Tarix: 25 Iyun 2019 13:51

Bakı. Trend:

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın daha şaxələndirilmiş, dayanıqlı, inklüziv və davamlı iqtisadiyyata nail olması məqsədinə ADB-in dəstəyini ortaya qoyan Azərbaycan üzrə 5 illik Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təsdiq edib.

Trend ADB-yə istinadən məlumat verir ki, 2019-2023-cü illəri əhatə edən, yeni ÖTS Azərbaycanı dəstəkləmək məqsədilə üç strateji prioritetə xüsusi diqqət ayıracaq: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun səmərəliliyinin artırılması, eləcə də infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi.

Məlumatda deyilir: "Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra mühüm iqtisadi transformasiya yolunu keçib. Ölkə 2009-cu ildə neft gəlirləri sayəsində orta gəlirli ölkə statusuna yüksəlib və kəskin şəkildə yoxsulluğu azaldıb və insan kapitalını gücləndirib. Lakin 2014-cü ildə neft qiymətlərinin şoku valyutanın devalvasiyası ilə nəticələnmiş, dövlət borcunun artmasına səbəb olmuş və maliyyə sektoruna mənfi təsir edərək iqtisadi artımı 2016-cı ildə 3,1 faiz azaldaraq ölkə iqtisadiyyatının tempini yavaşıdıb. Hökumət iqtisadiyyatın digər sahələrində artımı gücləndirmək məqsədilə mühüm islahatlar aparıb və ölkədə inklüziv və dayanıqlı artımı gücləndirmək və 2025-ci ildən sonra yüksək gəlirli ölkə statusunu əldə etmək məqsədilə iqtisadi şaxələndirməni prioritetləşdirib".

ADB-in Azərbaycan üzrə Ölkə Direktoru Nəriman Mannapbekov deyib: “Bizim ölkə üzrə yeni Tərəfdaşlıq Strategiyamız ADB üçün inkişafının mühüm mərhələsində Azərbaycanın tələblərinə cavab vermək imkanı yaradır. Yeni strategiya özəl sektora dəstəyi artıracaq, insan kapitalının inkişafına daha çox diqqət ayıracaq, biliklərin mübadiləsi ilə bağlı fəaliyyətin miqyasını genişləndirəcək və innovativ maliyyə həll yollarına imkan yaradacaq”.

ADB siyasətə əsaslanan əməliyyatlar, analitik, məsləhət fəaliyyəti və layihənin hazırlanmasına yardımın təmin olunması və hökumət təsisatlarının potensialının gücləndirilməsi vasitəsilə struktur islahatların dəstəklənməsinə xüsusi diqqət ayıracaq. ADB, həmçinin yüksək texnologiyalar və innovativ layihələr üçün selektiv kreditləşdirməni həyata keçirməyə çalışacaq.

ADB özəl sektordakı əməliyyatlarını artıracaq və maliyyə inklüzivliyinin artırılması məqsədilə tərəfdaşlıqlar quracaq. ADB, həmçinin ölkənin kapital bazarının imkanlarından istifadə etməklə və riskin yumşaldılması mexanizmlərini dəstəkləməklə yerli valyutada maliyyələşdirmə seçimlərini araşdıracaq. ÖTS ADB-in suveren və qeyri-suveren əməliyyatları arasında, o cümlədən dövlət-özəl tərəfdaşlığı və qarışıq maliyyələşdirmə vasitəsilə sıx sinerjini nəzərdə tutur.

Yeni ÖTS 2016-cı ilin dekabr ayında qəbul olunmuş Azərbaycan Hökumətinin Milli İqtisadiyyatın Perspektivlərinə dair Strateji Yol Xəritəsi ilə tam uyğundur. Bu, gender bərabərliyi, iqlim dəyişikliyi və ətraf mühitin dayanıqlığı, regional əməkdaşlıq və inteqrasiya və bu üç strateji, prioritet sahələr üzrə dövlət idarəçiliyinin gücləndirilməsini ehtiva edir. Strategiya Asiya və Sakit okeanı regionunun dəyişən tələblərinə səmərəli şəkildə cavab vermək məqsədilə Bankın fəaliyyət kursunu müəyyən edən ADB-in 2030-cu il üzrə Strategiyasına uyğun olaraq hazırlanıb.

Azərbaycan 1999-cu ildə ADB-ə qoşulduqdan sonra nəqliyyat, enerji, dövlət sektorunun idarəetməsi, su təchizatı və kanalizasiya, maliyyə, kənd təsərrüfatı və təbii sərvətlər, səhiyyə layihələri və proqramları üzrə təxminən 4,2 milyard dollar həcmində suveren və qeyri-suveren kredit, zəmanət və texniki yardımı alıb.

ADB ifrat yoxsulluğun azaldılması istiqamətində səylərin gücləndirilməsi ilə Asiya və Sakit okeanı regionunun çiçəklənən, inklüziv, dayanıqlı və davamlı regiona çevrilməsi əzmindədir. ADB 2018-ci ildə 21,6 milyard dollara bərabər yeni kredit və qrant üzrə öhdəlik götürüb.

1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Asiya İnkişaf Bankı Azərbaycanda şaxələndirilmiş inklüziv inkişafı dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ