Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sahibkarlıq subyektləri və ev təsərrüfatları uçotunun ağardılması prioritet istiqamətdir'' - Ekspert

''Sahibkarlıq subyektləri və ev təsərrüfatları uçotunun ağardılması prioritet istiqamətdir'' - Ekspert

Tarix: 27 Avqust 2020 15:32

Covid-19 pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatında baş verən daralmalar nəticəsində ev təsərrüfatlarının istehlakı, sahibkarlıq subyektləri tərəfindən birbaşa, portfel və kredit investisiyaları aşağı enib.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, bir çox hallarda pərakəndə ticarət dövriyyələrinin - qida, kənd təsərrüfatı, tibbi və dərman ləvazimatları, tibbi avadanlıqların idxalı ilə məşğul olan şirkətlərin, informasiya-texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin və digər zəruri ehtiyaclarla bağlı müəssisələrin fəaliyyəti istisna olmaqla digər bütün sahələrdə iş sərtləşdirmələr dövründə dayandırılıb: "Hətta yumşalma şəraitində fəaliyyətini bərpa edən biznes subyektləri də azalan ev təsərrüfatlarının gəlirləri, cari hesablarda və ya şəxsi zənbildə saxlanılan yığımların daralması fonunda əvvəlki tək rəqabətqabiliyyətli fəaliyyət göstərmək gücündə deyillər.

Təbii ki, mövcud şəraitdə dünya ölkələri, o cümlədən Azərbaycan orta-vədəli yol xəritəsi cızaraq iqtisadi ressesiyanın minimallaşdırılması və məşğulluğun azalmasına qarşı dəstəkləyici tədbirləri hədəfləyir. Sözügedən hədəflər fiskal stimul paketləri vasitəsi ilə böhrandan əziyyət çəkən sahibkarların, daimi məşğulluğunu müvəqqəti dayandırmış vətəndaşların likvid maliyyə vəsaitləri ilə təminatından, digər azadolma və təşviqlərdən ibarətdir. Xüsusilə, mövcud pandemiya mühitində bazara buraxılan pul kütləsi, 2008-ci ildə səssiz şəkildə iqtisadi və maliyyə institutlarını zədələyərək böhrana səbəb olan və daralmanın qarşısının alınması istiqamətində emissiya edilmiş pul kütləsindən daha çoxdur. Həmçinin, Covid-19 pandemiyasının "infeksiya" xarakterli olması və bütün qitələri əhatə etməsi də, onu əvvəlki böhranlardan fərqləndirir. Odur ki, ölkəmizdə sahibkarlar və vətəndaşların pula tələbi siyasət qərarları əsasında, tranzaksiya və ehtiyatlılıq motivi nəzərə alınaraq həyata keçirildi".

Departament rəhbəri bildirib ki, digər ölkələrdə olduğu kimi ölkəmizdə də əsas hədəf böhrandan əziyyət çəkən sahibkar sinifi, müvəqqəti və ya daimi məşğulluğunu itirmiş şəxslərin dəstəklənməsi oldu: "Təbii ki, bu, nizamsız şəkildə pulların verilməsi nəticəsində deyil, fiziki və hüquqi şəxslərin bu zamana kimi əlavə dəyər yaratdıqlarını sübut edən maliyyə və mühasibatlıq hesabatlarının incələnməsi və analizi əsasında həyata keçirildi. Paralel olaraq qeyd edək ki, kölgə iqtisadiyyatının ölkəmizdə tutduğu pay dövlətimizin başçısı tərəfindən də mütəmadi olaraq vurğulanır. Hökumətin iqtisadi bloku qarşısında tapşırıqlar qoyulur, sahibkarlıq subyektlərinə çağırışlar edilir. Beynəlxalq hesabat və tədqiqatları analiz etdikdə müəyyən etmək çətin deyil ki, kölgə iqtisadiyyatına əsasən resurs hasilatçıları və ixracatçıları, ekstraktiv institutların hələ də mövcud olduğu ölkələrdə və MDB məkanında rast gəlinir. Təbii ki, kölgə iqtisadiyyatının olmadığı ölkə mövcud deyil. Sadəcə iqtisadiyyatda payı və miqyasına əsasən ölkələr yuxarıdan aşağıya təsnifatlaşdırılır.

Kölgədə olan əsasən problem əldə edilən gəlirlər və dövriyyədir. Gəlirlərin və dövriyyənin gizlədilməsi vergi və sosial öhdəliklərinin yerinə yetirilməməsi ilə nəticələnir ki, böhran dövrlərində risk idarəetmə proqnozu sual altına da düşə bilir. Bu baxımdan, qeyri-şəffaf maliyyə hesabatları, ikili mühasibatlıq uçotları nəticəsində böhran dövrlərində sahibkarların və muzdluların ehtiyac meyarları mövcud təqdim edilən hesablanmış və ödənilmiş vəsaitlərin uçotu üzərindən aparılır. Pulun kəmiyyət nəzəriyyəsinə müvafiq olaraq, bu zaman da əziyyət çəkən subyektlərin mövcud pul tələbi ilə əldə edilən vəsaiti arasında real balans fərqi yaranır".

N.Hacızadə qeyd edib ki, dövlət rəhbəri tərəfindən dəfələrlə edilən çağırışın da mahiyyəti birbaşa olaraq işəgötürən və işçinin mövcud gəlirləri fonunda öz gələcək risklərinin sığortalanmasından ibarətdir: "Böhran və fövqəladə vəziyyətlərdə gələcək fəaliyyətin potensial durumuna uyğun dəstəklənməsi üçün sahibkarlıq subyektlərinin və ev təsərrüfatlarının uçotunun təşviqedici alətlərlə ağardılması orta və uzunmüddətli dövrdə ölkə Prezidentinin hökumətin iqtisadi bloku qarşısında qoyduğu prioritet istiqamətdir. Təbii ki, son fiskal yığımlarda əldə edilən müsbət nəticələr də eyni zamanda qeyri-formal fəaliyyətin formal fəaliyyətlə əvəz olunması ilə əlaqədar oldu".


Etiketlər:  Sahibkarlıq subyektləri təsərrüfatları uçotunun ağardılması prioritet istiqamətdir Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ